Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC təmir işləri ilə əlaqədar Bakı dairəvi avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətdən narazılıq edən sürücülərə alternativ yoldan istifadəni tövsiyə edir."Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, ASC Bakı dairəvi avtomobil yolunu qismən məhdudlaşdırmaqla təmir işlərinin aparılacağı barədə elan vermişdi: "Lakin bəzi səriştəsiz və avtomobili sürətlə idarə edən sürücülərin təqsiri səbəbindən orada qəzalar baş verdi. Biz də bunu nəzərə alıb yolun gediş hissəsini Lökbatana ayrılan ərazidən bağladıq. Yəni Lökbatan istiqamətinə getmək mümkündür, Qazax-Astara istiqamətində isə yol bağlanıb".P.Mürsəliyevin sözlərinə görə, sürücülər narazılıq edirlər ki, Qazax-Astara istiqamətinə getmək üçün sağ istiqamətə Lökbatana gedəndə qarşıdakı qovşaqdan sola dönmə əməliyyatı edib "Sədərək" ticarət mərkəzinin daxili yolundan istifadə edirlər və buna görə 50 qəpik haqq ödəyirlər: "Ancaq sürücülər dairəvi qovşaqdan dönmə əməliyyatı etməyib düz getsələr, Xocasən-Lökbatan yoluna çıxa və oradan da Qazax-Astara istiqamətində gedə bilərlər və heç bir ödəniş etmək lazım gəlmir. Həmin yolda 4 yerdə bu istiqaməti göstərən plakatlar mövcuddur".
Mənbə: ANS PRESS