Qadin.NET / Dünyanın varlı siyasətçiləri

Dünyanın varlı siyasətçiləri

Azərbaycandan fərqli olaraq dünyada siyasət həm də gəlirli sahə hesab olunur. Bu səbəbdən də maddi imkanı olanlar siyasətə daha çox axın edir, burada ideyaları ilə yanaşı, biznes layihələrini də realizə edir, eyni zamanda sərvətinə sərvət qatmış olurlar.
Varlı ruslar, gürcülər... siyasətə qoşulurlar
“Forbes” jurnalı milyarder siyasətçilərin siyahısını tərtib edib. Həmin siyahıda 7-ci yeri Rusiyanın varlı biznesmen-siyasətçisi Mixail Proxorov 13.2 milyard dollarlıq varidatı ilə tutub. Öz partiyasını yaradan M.Proxorovun siyasət karyerası uğurlu olmayıb. Onu tezliklə özünün yaratdığı sağ yönümlü partiyadan uzaqlaşdırıblar, parlament seçkilərində isə 0.6 faizlik göstərici ilə yer qazanıb. Bu, bir milyarderin timsalında uğursuz bir siyasi gedişin nümunəsi idi. 
Amma dünya üzrə siyasətə girib uğur qazanan milyarderlər də az deyil. Bunlardan biri Tailandda yaradılmış “Tailandlılar tailandlıları sevir” adlı partiyadır. 1998-ci ildə yaradılan partiyanın qurucusu Taksin Çinnavatdır. T.Çinnavat kompüter proqramları biznesi üzrə ixtisaslaşıb. 1994-cü ildən siyasətə qoşulub, baş nazir müavinliyinə qədər yüksəlməyi bacarıb. 2001-ci ildə onun partiya yaratmasından sonra siyasətdəki dayaqlarını daha da möhkəmlədib. Müəyyən fasilələrlə 2006-cı ilin sentyabrına qədər baş nazir müavini statusunu daşıyıb. Hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılıb, öz ölkəsinə terrorizmə görə ittiham olunur, hazırda Böyük Britaniyada yaşayır. 
Litvadakı “Əmək Partiyası”nın sədri Viktor Uspasskixin varidatı isə 50 milyon dollar təşkil edir. Partiyasını 2003-cü ildə yaradıb. O, qida sənayesi, ticarət, tikinti, yeyinti konserni sayəsində qazanıb. 2004-cü ildə Əmək Partiyası Avropa Parlamentdə Litvaya ayrılan yerin 13-nü tutub. 2009-cu ilin iyununda Uspasskix Əmək Partiyasından Avropa Parlamentinə seçilib.
Rusiyadakı “Vətənpərvərlər Partiyasının” sədri Gennadi Semiqin də 16 milyon dollarlıq var-dövləti ilə oliqarx siyasətçiləri arasındadır. Partiyasını 2005-ci ildə təsis edib. Partiya ən yaxşı siyasi göstəricisini 2011-ci ildə, parlament seçkilərində 0.97 faizlik qələbə ilə nümayiş etdirib. 
Gürcüstan siyasəti də milyonları sevir. Vahid Gürcüstan Demokrat Partiyasının sədri Badri Patarkasişvili də 12 milyard dollarlıq var-dövlətin yiyəsi olduğu zaman siyasətə gəlib. O, 2007-ci ildə sözügedən partiyanı təsis edib. Məşhur biznes adamı öz pullarını Boris Berezovski ilə əməkdaşlıq etdiyi 90-cı illərdə qazanıb. Partiyasını isə 2007-ci ildə təsis edib. Partiyanın ilk təsis yığıncağı isə B.Patarkasişvilinin ölümündən bir ay əvvəl keçirilib. 
Daha bir siyahıda isə siyasətdə uğur qazanan başqa siyasətçilərin adları var. Nyu-York meri Maykl Blumberq də bu siyahıda qərar tutub. “Bloomberg” informasiya agentliyinin yaradıcısı və sahibi 1990-cı illərin sonunda siyasətə gəlib və 2001-ci ildə mer seçilib. Bu posta o özünə 1 dollar maaş təyin edib və öz şəxsi biznesinin hesabına yaşayıb. Onu “Vətəndaş platforması” partiyasının lideri Mixail Proxorov izləyir. O, siyasətlə 2011-ci ildən məşğuldur. Növbəti pillədə Bdzina İvanişvili qərarlaşıb. Rusiyada öz kapitalını qazanan İvanişvili siyasətlə Gürcüstanda məşğul olmağa başlayıb. Onun rəhbərlik etdiyi “Gürcü arzusu” partiyası parlament seçkisində qələbə çalıb. 
Dördüncü yerdə İtaliyanın keçmiş baş naziri Silvio Berluskonidir. O, 3 dəfə İtaliya Nazirlər Kabinetinə başçılıq edib. Berluskoni özünə məxsus holdinqin vergidən yayınma məsələsi ilə bağlı məhkəmə qarşısına çıxıb. 
İlk beşliyi ABŞ-da iki dəfə prezidentliyə namizəd olan Henri Ross Peroct qapayır.
Dul qadına ərindən həm pul, həm də parlamentdəki kreslo miras qalıb
87 yaşlı Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Abdül Əziz 21 milyard dollarlıq sərvəti ilə varlı siyasətçilər arasında olub. İkinci yerdə ən varlı rəhbər kimi Bruney sultanı Hassanay Bolkiah yer tutub. Onun sərvətinin isə 20 milyard dollar olduğu deyilir. Sultanın kiçik qardaşı şahzadə Ceffri Bolkiah Bruney rəhbərinin daimi baş ağrısı, həmçinin dövlət üçün xoşagəlməzliklərin əsas mənbəyi hesab edilir. “Biznes-Stil” bundan əvvəl də şahzadənin dövlət fondundan 15 milyard dolları əyləncələrə və seksual maraqlarına necə xərclədiyi barədə yazmışdı. 
Üçüncü pillədə Maykl Rubens Blumberq dayanır. Biznesmen və Nyu-Yorkun 108-ci meri olan Forbesin də versiyasına görə dünyanın ən zəngin insanlarındandır. 2010-cu ildə o, 18 milyard dollarlıq sərvəti ilə 23-cü yerdə olub. Blumberqin imperiyasına telestansiyalar, radiokanallar daxildir. Şirkət işçilərinin sayı dünyanın 130 ölkəsində 9500 nəfərə çatır. 
Reytinq cədvəlində dördüncü yeri İtaliya əsilli, hindistanlı siyasətçi, Hindistan Milli Konqresinin lideri və ölkənin sabiq baş naziri Raciv Qandinin dul qadını Sonya Qandi tutub. Onun sərvəti 19 milyard dollar kimi dəyərləndirilir. O, hərbçilər arasındakı nüfuzundan istifadə edir. O, poeziya həvəskarı kimi də tanınır. Atası kimi tərlan ovunu və balıq tutmağı sevir. 
Dünyanın ən varlı qadınlarından biri olan Savitri Cindal siyahıda altıncı yerdədir. Əri Oma Prakaşanın ölümündən sonra o, metal istehsalına görə dünyanın üçüncü ən böyük şirkətinin “Cindal Qrup”un varisi olub. Hindistanlı dul qadının sərvəti 13.2 milyard dollardır. Həyat yoldaşından ona həm də parlamentdəki kreslosu miras qalıb. Savitranın 9 uşağı var.
Çinli oliqarx Çzun Tsinxoy 7-ci pillədədir. Onun sərvəti 10.8 milyard dollardır. Həyat yoldaşı ilə birgə “Hangzhou Wahaha” şirkətini idarə edir. Sahibkarlıqla yanaşı ölkənin siyasi həyatında da fəal iştirak edir. 2002-ci ildən bəri Çin Xalq Konqresinin nümayəndəsidir. 
Serj Dasso nüfuzlu fransız biznesmen və mühafizəkar siyasətçidir. Sərvəti 8 milyard dollardır. Ailəsi yəhudi əsillidir, valideynləri katolikliyi qəbul edənə - 1946-cı ilə qədər Blox soyadını daşıyıb. Sejin ailəsi avia və media holdinqdə nəzarət payı səhmlərinə sahibdirlər. 
Reytinqdə son pillədə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni dayanır. Onun sərvəti 7.8 milyard dollardır. Qaranlıq fırıldaqları və korrupsiyalar nəticəsində italiyalı lider və sahibkarın ön sıralara keçməyi bacardığı deyilir. Son zamanlara qədər o, nəinki 5-ci ən varlı dövlət başçısı hesab edilirdi, eyni zamanda “Böyük səkkizliyin” ən uzunmüddətli xidmət edən lideri kimi də tanınırdı. O, hələ də “Milan” futbol klubunun sahibdir. 
Siyasət - varlının eqosunu yönəltdiyi məkan... 
Siyasi analitiklər isə hesab edirlər ki, varlı insanların siyasətə gəlişi psixoloji nüansdır. Onların fikrincə, biznesdə uğur qazanan şəxslər eqolarını həm də ictimaiyyətin həyatında qazanacaqları uğurlarla doyuzdurmaq istəyirlər. Məsələn, biznes layihəsini uğurla həyata keçirən şəxs hesab edir ki, ölkədə də müsbət istiqamətdə hansısa dəyişikliklər edə bilər. Bundan başqa, dünyada varlılar siyasətə həm də var-dövlətlərini artırmaq, qarşılarında yaranmış bəzi qırmızı işıqları maneəsiz keçmək üçün baxırlar. 

Mənbə: Milli.Az

29 may 2014
GO BACK