Son günlər insanların telefonuna mobil operatorlardan gələn şübhəli SMSlər narahat edir. Abonentlərin bəziləri bunun üstündən ötəri keçsələr də, onların əksəriyyəti hansısa təhlükədən narahat olmağa balşayıblar. Ölkənin mobil rabitə operatorlarından abonentlərinə "Hörmətli Abunəçi! Əlavə xərclərin yaranmaması üçün şübhəli zənglərə və SMS-lərə geri dönməməyinizi tövsiyə edirik" məzmunlu xəbərdarlıq gəlir. Mobil operator bu xəbərdarlıq ilə nə demək istəyir? Şübhəli zəng və sms deyəndə nəyi nəzərdə tutur?Ölkənin geniş yayılmış mobil operatorlardan birindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, son zamanlar dünyada telekommunikasiya sahəsində mobil dələduzluq hallarının artmasını nəzərə alaraq, öz abunəçilərini xəbərdar edir ki, naməlum şübhəli xarici nömrələrdən daxil olan zənglərə və sms-lərə cavab verməsinlər və həmin nömrələrə geri zəng etməsinlər. Bu hallar abunəçinin əlavə vəsait itkisinə səbəb ola bilər. Beləliklə, öz abunəçilərinin rahatlığını və faydasını düşünərək mobil operatorlar beynəlxalq nömrələrdən gələn belə göndərişlər barədə öz müştərilərini əvvəlcədən xəbərdar edir. “Hüquqi Dövlət” araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, mobil operatorların abonentlərini hər hansı təhlükədən xəbərdalıq etmələri müsbət haldır:“Demək, onlar bu təhlükəni görürlər, baş verir deyə öz abonentlərini xəbərdar edirlər. Yəqin elə bir hal yarana bilər ki, müştəriyə ciddi ziyan dəyə, pul vəsaiti itirə və ya aparatı xarab ola bilər”. Hüquqşünasın sözlərinə görə, mobil rabitə operatorunun iradəsindən asılı olmadan da hər cür dələduzluq baş verə bilər: “Yeni texnologiyaların inkişafı ilə bağlı bank sahəsində o qədər belə hallar baş verir, əmanətlər, pul vəsaitləri oğurlanır. Belə cinayətlərin qarşısını almağa heç mobil operatorlar borclu deyillər. Bu tip cinayətlərin qarşısını almaq, profilaktik tədbirlər görmək əslində dövlətin borcudur”. Ekspertin fikrincə, əgər mobil operatorlarda belə cinayətlər barədə məlumatlar varsa, bunu gizlətməməli və hökmən hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Çünki onların texniki imkanları var və belə cinayətlər törədilərsə, məlumat əldə edirlər. Belə cinayətlərin qarşısının alınması və cinayətkarın məsuliyətə cəlb edilməsi üçün mobil operatorlar hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Mənbə: Milli.Az