Qadin.NET / Azərbaycanlı boksçu növbəti döyüşünə hazırlaşır

Azərbaycanlı boksçu növbəti döyüşünə hazırlaşır

 

Ramal Amanov iyunun 1-də Moskvada “Mıtişi” arenada təşkil olunacaq boks gecəsində keniyalı Maykl Odhiambo ilə üz-üzə gələcək.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, görüşə yaxşı hazırlaşmaq məqsədilə həmyerlimiz iki həftədir ki, Rusiya paytaxtındadır. Döyüş günü yaxınlaşdığından hazırda, əsasən, istirahətə daha çox diqqət ayıran Amanov buna kimi hazırlıq proqramına əsasən gündə iki dəfə olmaqla 3 saat məşq keçib. WBC versiyası üzrə baş tutacaq 6 raundluq döyüşdə boksçular 63,5 kq-da güclünü müəyyənləşdirəcəklər. Ramal Amanov: "Məşqlər çox yaxşı keçir, hazırda Lujniki şəhərindəki boks akademiyasında məşqlərimi davam etdirirəm. Məşqçim keçmiş olimpiya çempionu Viatislav Yonovskidir. İnşallah, hər şey yaxşı olacaq. İnanıram ki, qələbə qazanacam”.
Qarşıdakı görüş 29 yaşlı Ramal Amanovun peşəkar rinqdə 5-ci döyüşü olacaq. O, son döyüşünü ötən ilin dekabrında erməni Sevak Baqdasaryana qarşı keçirib və qələbə qazanıb. Uzun illər boks üzrə milli komandamızda və "Baku Fires" klubunda çıxış edən Amanov 2005-ci ildə Çində keçirilən dünya çempionatında gümüş medala sahib olub. Maykl Odhiamboya gəlincə, keniyalı peşəkar rinqdə 17 görüş keçirərək, bunun 12-də qələbə qazanıb. Ramal Amanov: "Rəqibim güclüdür, buna baxmayaraq onu analiz etmişəm. Fiziki gücü yaxşı vəziyyətdədir. Boks elə bir idman növüdür ki, burda tək fiziki güc hər şeyi həll etmir, daha çox ağılla işləməlisən. Məşqçimlə birgə rəqibimə qarşı plan hazırlamışıq. Onu məğlub etməyə çalışacam. Düşünürəm ki, hazırladığımız taktika əsasında bunu bacaracam".
1537 boksçunun yer aldığı dünya reytinq sıralamasında rəqib boksçu 239-cu pillədə yer alıb. Gəncəli Amanov isə 1005-ci pillədə qərarlaşıb. Hələlik keniyalı kağız üzərində favorit göstərilsə də, qalib rinqdə məlum olacaq.

Mənbıə:Milli.Az
28 may 2014
GO BACK