Regionlarda ilk dəfə olaraq Zaqatalada yol qovşağı və yeraltı keçid tikiləcək. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Yevlax - Zaqatala - Gürcüstan magistral yolunun Zaqatalanın mərkəzindən keçən, piyada və avtomaşınların intensiv hərəkəti olan hissəsində yeraltı keçid inşa edilir. 6 küçəni birləşdirən yol qovşağında inşa ediləcək yeraltı keçidin tikintisinə gələn aydan başlanması nəzərdə tutulub.
Zaqatalanın əsas ticarət mərkəzi, kolxoz bazarı, Mərkəzi xəstəxana, poliklinika, Şəhərlərarası avtovoğzal və orta məktəbin yerləşdiyi 6 yol qovşağını birləşdirən ərazidə maşınlarla bərabər piyadaların da intensiv hərəkəti müşahidə olunur. Yevlax - Zaqatala - Gürcüstan magistral yolunun da elə məhz bu ərazidən keçməsi vəziyyəti bir qədər də gərginləşdirir. Bu isə həmin ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Qeyd edək ki, 25 min əhalisi olan Zaqatala Bakıdan sonra 2-ci rayondur ki, magistral yolun üzərində bu qədər sıxlıq müşahidə olunur. Burada avtomobillərin sutkada intensivliyi 3000 idisə, indi 4000-ə çatır. Günün müəyyən saatlarında isə ərazidə avtomobillərin tıxacı yaranır. Bütün bunlar nəzərə alınaraq ərazidə yol qovşağı və yeraltı keçid tikilməsi qərara alınıb. Bu ərazidə tıxacların qarşısını almaq məqsədi ilə 6 metr dərinlikdə inşa ediləcək 4 girişli yeraltı keçidin hündürlüyü 3 metr, əsas hissədə eni 5 metr, keçidlərdə 4 metr, ümumi uzunluğu isə 100 metr olacaq.
Yeraltı keçidlə bağlı iki layihə təklif olunub. Magistral yol qovşağında inşa ediləcək yeraltı keçidin tikintisi zamanı avtomobillərin tranzit hərəkəti isə rayonun daxili yolları ilə olacaq. Tikinti və fasad işlərində istifadə olunacaq materiallardan asılı olaraq, yeraltı keçid 2-3 milyon manata başa gələcək. Tikinti işlərinin başlanmasına artıq 500 min manat vəsait ayrılıb. Yaxın günlərdə tikintisinə başlanılacaq yeraltı tunel və keçidin gələn ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub.
Mənbə:Milli.Az