Qadin.NET / Azərbaycana qoz boyda dolu yağdı

Azərbaycana qoz boyda dolu yağdı

İsmayıllı rayonuna güclü dolu düşüb. Milli.Az-ın APA-ya istinadən məlumatına görə, dolu bu gün saat 16:00 radələrində İsmayıllı şəhərinə və 10-a yaxın kəndə yağıb.Ölçüsü təxminən qoz boyda olan dolu ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusən də meyvə-tərəvəz və taxıl sahələrinə ciddi ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də xeyli ziyan dəyib. Şiferlə olan dam örtükləri, pəncərələr və maşınların şüşələri sınıb.Yerli sakinlər belə güclü dolu yağışının uzun illərdir ki, İsmayıllıda müşahidə olunmadığını bildirirlər. Təxminən 15 dəqiqə ərzində düşən dolu hər tərəfdə qalın buz qatı yaradıb. Bəzi kəndlərə elektrik verilişi dayanıb. Güclü küləklə müşayiət olunan dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb.
Kənd sakinləri ağaclarda meyvələrin, yarpaqların, töküldüyünü, taxıl zəmilərinə, otlaq taxıl sahələrinə də ciddi ziyan dəydiyini açıqlayıblar. Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.

Mənbə: Milli.Az

28 may 2014
GO BACK