Bakı Qarnizonu şəxsi heyətinin nizami yürüşü keçiriləcək.
Bu barədə məlumat ANS PRESS-ə Müdafiə Nazirliyindən verilib.
Yürüş mayın 28-də Respublika günü münasibətilə baş tutacaq. Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.
Bakı Qarnizonu Qoşunlarının nizami yürüşü saat 12.00-da başlayacaq.
Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən – “Əqdnamə”dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub.
Mənbə: ANS PRESS