The Financial Times nəşri yazır ki, WWDC 2014 konfransında Apple korporasiyasının nümayiş etdirəcəyi yeni proqram platforması iPhone smartfonunu ağıllı evi uzaqdan idarə etmə pultuna çevirməyə imkan verəcək.
Yeni platforma iPhone smartfonuna işıq, iqlim və ev elektronikasını idarə etməyə icazə verəcək. Bu platforma Apple üçün, faktiki olaraq, əşyaların interneti seqmentində atılmış ilk addımdır.
Milli.Az İCT new-a istinadən bildirir ki, Apple şirkəti əsas rəqiblərinə (Google və Samsung) çatmağı, həmçinin smart texnologiyalar dünyasında söz sahiblərindən olmağı planlaşdırır. Şirkətdəki mənbələr deyib ki, 2 iyun tarixində WWDC konfransında şirkət öz smart texnologiyasını nümayiş etdirəcək.
Xatırladaq ki, son 6 ayda, demək olar, bütün İT oyunçular bu sahədə öz həllərini nümayiş etdiriblər. Məsələn, Google şirkəti smart-eynək və ağıllı termostatlar üzərində işləyir, BlackBerry şirkəti M2M qurğular üçün təhlükəsiz kommunikasiya platformasını yaratmaq niyyətindədir.
Mənbə: Milli.Az