Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovmövzu ilə əlaqədar keçirdiyi mətbuat konfransında söylədi. T. Zeynalovun sözlərinə görə, xaricdən alınıb gətirilən ağac və kollar gözlənilən effekti vermir: “Maqnoliya və yaxud xaricdən gətirilən çinar ağacları ancaq boya verir. 5-6 ildən sonra həmin ağaclar ancaq tikintiyə yararlı ağaclar olacaqlar. Almanlar o ağacları tikintidə istifadə etmək məqsədi ilə əkirlər. Yəni səhərisi gün kəsib evlərin damını örtmək üçün istifadə edirlər. Biz onları, necə deyərlər, od qiymətinə alıb gətirib burada əkirik. Buna son qoyulmalıdır. Yadınızdadırsa, 8-10 il bundan əvvəl Bakıya əkmək üçün evkalipt ağacları gətirmişdilər. Bütün yol boyu o dövrdə evkalipt ağacları əkirdilər. Mən o dövrdə çox dedim ki, bunlar insana sağlamlıq verən, dərman bitkisidir, hər yerdə əkmək olmaz. Bu ağaclar bataqlığın ətrafında bitir. Bataqlıqda olan zəhərli suları təmizləyir. Gətirdilər həmin ağacları bütün parklarımızda əkdilər. Əkmək olar, bir dənə, iki dənə, üç dənə və s. Bu ağacların bir üstünlüyü var ki, ağcaqanadları məhv edir. Amma parka əvvəldən axıradək bu ağacları doldurmaq olmaz. Hətta Şəhidlər xiyabanına gedən yolda da evkalipt ağaclarını əkdilər, şaxta olan kimi də hamısı məhv oldu getdi”.
Kim kəsib, niyə kəsib?
Telman Zeynalovun dediyinə görə, bu onu göstərir ki, xaricdən gətirilən hər hansı bir bitki bizim Nəbatat bağlarında, botanika bağlarında 5-6 il reabilitasiya müddəti keçməlidir: “Xaricdən alınıb gətirilən ağacı həmin an parka, yol kənarına əkmək olmaz. Çünki onlar reabilitasiya dövrü keçəndən sonra uyğunlaşırlar bizim təbiətə, yerli bitkilərimizlə və beləcə, yanbayan yaşayırlar. Mən istəməzdim ki, bizim bu və ya digər şəxslərimiz - hansılar ki, xaricdən kommersiya məqsədi ilə ağaclar, toxumlar gətirirlər - bu işi kortəbii görsünlər. Otursunlar, fikirləşsinlər həmin bitkilər bizim təbiətimizə xasdırmı? Yaxşı olar ki, 4-5 illik şitillik yaratsınlar və orada gətirilən toxumlardan bitkilər yetişdirsinlər, qulluq eləsinlər. Əgər görsələr ki, həmin bitkilər bizim təbiətə xas olan bitkiləri məhv etmir, onda yaysınlar, əksinlər, lap istəyirlər satsınlar. Gəlir naminə hər yeri bitki ilə doldurmaq olmaz. Torpaqlarımızı təcrübə meydançasına, poliqona çevirməsinlər”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ağacların qırılması faktı ilə əlaqədar da danışdı. Onun bu hallarla mübarizədə öz təklifi var: “Mənim fikrimcə, Prezident yanında qeyri-hökumət təşkilatlarından ibarət nəzarət qurumu yaradılmalıdır. Həmin qurum ağacların qırılması ilə mübarizə aparmalıdır. Məsələn, bütün Azərbaycan boyu daimi monitorinq aparsınlar, hesabat hazırlayıb versinlər. Əgər haradasa ağaclar kəsilibsə, araşdırılsın ki, kim kəsib, niyə kəsib və s”.
Müsbət enerji verən ağaclar...
“Hesab edin ki, Bakıda 3 milyondan çox əhali var. Həmin əhalini oksigenlə təmin etmək üçün nə qədər yaşıllıq lazımdır? Bizim bəxtimiz onda gətirib ki, bizim torpaqlarda otlar da bitir. Bundan başqa, Bakı dəniz kənarında yerləşir deyə havası təmizlənir. Əks təqdirdə, vəziyyətimiz daha pis ola bilərdi. Tutaq ki, ya Bakıda, ya bölgələrdə kimsə turizm mərkəzi yaradır və başlayır ağacları qırmağa. Bir ara şam, küknar, toz ağaclarını qırırdılar. Amma bu ağacları qıranların savadı çatmır ki, onun faydasını bilsinlər. Həmin ağacların altında 15 dəqiqə oturduqda ondan alınan müsbət enerji insan bədənindəki mənfi enerjini kənarlaşdırır. Bunu bilmirlər. Ancaq elə ağaclar da var ki, onun altında 15 dəqiqə oturanda insanın bütün enerjisini alır. Məsələn, qoz ağacının, əncir ağacının altında oturmaq olmaz. İkisi də meyvə ağacıdır, meyvəsindən istifadə etmək insanın sağlamlığına müsbət təsir göstərir. Ancaq altında oturanda bədənimizdəki enerjini özünə çəkir”.
“Ağacı yanlış budayırlar, sonra da deyirlər ki, ağac ağlayır”
Telman Zeynalov deyir ki, bir avtomobildən atmosferə 200-ə qədər zəhərli qaz komponenti buraxılır. Onun sözlərinə görə, yol kənarlarında cökə, qovaq, ağcaqayın ağacları əkilərsə, avtomobillərdən atmosferə buraxılan zəhərli qazlar da xeyli təmizlənər: “Yol çəkilərkən yaşıllıqları da nəzərə almaq lazımdır. Onları məhv eləmək olmaz. Yaşıllıqlar birinci kölgəlik və rütubət yaradır, ikincisi, bulud formalaşdırır, üçüncüsü isə havada olan istiliyi özünə çəkir, sərinlik verir. Yol kənarlarına ağaclar əkiləndə insanlar çox rahat olurlar. Çünki sərinlikdən əlavə, həm də təmiz hava verir. Bu mənada Prezidentin yolkənarı ərazilərdə yaşıllıqların salınması ilə bağlı tapşırıqları çox əhəmiyyətlidir”.
Ekspert ağacların budanması sahəsində problem olduğunu düşünür: “Dediyim kimi, bəzi ağaclar və bitkilər var ki, onları gətirib ölkəmizdə əkəndə yerli ağaclarımızı məhv edir. Bunu yaşıllaşdırma ilə məşğul olanlar, ağacları ölkəmizə gətirənlər bilməlidirlər. Yeri gəlsə, təbliğat, yeri gəlsə, maarifləndirmə işləri aparmaq lazımdır. Qoy onlar bilsinlər ki, hansı ağacları əkmək olar, hansını yox. Ağacları dəqiq budama qaydalarını da bilmək lazımdır: nə vaxt budamaq olar, necə budamaq lazımdır və s. O vaxt ki, torpaq oyanır, başlayırlar ağacları budamağa. Torpaq dirçələndə, ayılanda ağac ondan bəhrələnir, ağac ondan özünə lazım olan qidanı alır. Ağacı yanlış budayırlar, sonra da deyirlər ki, ağac ağlayır. Ağac ağlamır, torpaq oyandığı üçün ondan aldıqları yerə tökülür. Əksər ağacları fevralın ortasından tutmuş sonuna qədər budamaq lazımdır. Nə qədər ki, torpaq oyanmayıb, yaşıllıqlar ayılmayıb. Bəzi “çoxbilmişlərimiz” isə ağacları mart, aprel aylarında budayırlar”. Ekspert dedi ki, bu məsələlərə nəzarətin gücləndirilməsinə çox böyük ehtiyac var.
Mənbə:Milli.Az