"Rusiya vətəndaşlarını xaricə buraxmır".
ANS PRESS-in məlumatına görə, bu haqda Moscow Times yazıb.
Qəzet qeyd edir ki, Rusiya vətəndaşlarına Qərb yox, Rusiyanın özü xaricə səyahət qadağaları qoyur. Bu qadağalarla Kreml rusiyalıları nəzarətdə saxlamaq istəyir.
Məsələn, Federal Təhlükəsizlik Xidmətində işləyən əməkdaş xaricə gedə bilməz. 2010-cu ildə FTX polkovniki Aleksandr Poteyev ABŞ tərəfə keçdi və Rusiyanın ABŞ-dakı və Britaniyadakı casus şəbəkəsini satdı. Bundan sonra FTX işçilərinə xaricə getmək qadağan edildi. Yalnız xəstə olanda və bunun Rusiyada müalicəsi olmayanda FTX əməkdaşı xaricə gedə bilər.
Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətində 200 min adam çalışır.
Bundan başqa, 2012-ci il qaydasına görə, ödənməmiş bank krediti, vergi borcu və ya cərimə borcu olan xaricə gedə bilməz. 2012-ci ildə 500 min adam buna görə xaricə gedə bilmədi. Bu ilin birinci rübündə 190 min adamı Rusiyadan çıxmağa qoymayıblar.
Rusiyada əhalinin 70 faizinin isə banklara borcu var.
Ukrayna böhranından sonra , aprel ayında Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğun, Federal Həbsxanalar Xidmətinin və s.-nin işçilərinə 150 ölkəyə getmək qadağan olunub. DİN-də isə 1,3 milyon, Müdafiə nazirliyində 2 milyon, Federal Həbsxanalar Xidmətində 326 min adam işləyir.
Qəzet yazır ki, səyahətə qadağa ilə Kreml qabiliyyətli insanların ölkədən çıxıb-getməsinin də qabağını almaq istəyir.
Statistikaya görə, son 20 ildə Rusiyanı 5 milyon adam tərk edib. Onların 20 mininin elmi dərəcəsi var idi.
Mənbə: ANS PRESS