Qadin.NET / Azərbaycanda Əfv Sərəncamının icrasına başlanılıb

Azərbaycanda Əfv Sərəncamının icrasına başlanılıb

Əfv sərəncamı və amnistiya aktı ilə azad olunan insanların təkrar cinayət törətmə faizi çox aşağıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov deyib.
İdarə rəisi qeyd edib ki, təbii ki, cinayət törədənlər də olur, amma onların sayı çox az olur.
Onun sözlərinə görə, əfv sərəncamı həmişə olduğu kimi, məhkumlar və onların yaxınlarında böyük ruh yüksəkliyi yaradıb: "Bu, bir daha dövlət başçısının nə qədər humanist olduğunu göstərir".
R.Ramazanov xatırladıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 56 əfv sərəncamı əsasında 5850 nəfər azad olunub. Bundan başqa, qəbul olunan amnistiya aktlarının şamil edildiyi 70 mindən artıq insan cəzalardan azad olunub və ya cəzaları yüngülləşdirilib: "Bu, Azərbaycanda azadlıqdan məhrum edilmə yerlərində insanlara humanist yanaşmanın təzahürüdür. Əfv olunan, amnistiya aktlarının təsiri altına düşən şəxslərdən tələb olunan odur ki, onlar Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Cəzaçəkmə müəssisələrindəki insanlar dərk etməlidirlər ki, əgər ölkə başçısı və ya qanunverici orqan belə humanist addım atırsa, onlar bir daha belə əməllərə yol verməməlidirlər. Əfv, amnistiya, məhkəmə qərarı əsasında şərti olaraq azadlıq həmin şəxslərə avans kimi verilir ki, bir də cəzaçəkmə müəssələrinə qayıtmasınlar".

Mənbə: Milli.Az

27 may 2014
GO BACK