Barbi Tomasın iki yaşı olanda onu elektrik cərəyanı vurmuşdu. Xəstəxanaya aparılmış Barbi dərhal müayinə olundu və həkimlərin dediklərinə görə, onun qolları cərəyandan yandığı üçün çiyindən amputasiya olunmalıydı.
Barbinin dediyinə görə, qolları sümüyədək yanmışdı. Əslində sümüklər də kömür kimi qaralmışdılar.
Barbinin iki qolu da kəsildi.
Srağagün isə Barbi Tomas ABŞ-ın Cənubi Karolina ştatındakı Çarlston şəhərində keçirilən "NPC Junior USA Bodybuilding Championship" bobdibildinq çempionatına qatıldı. Barbi qalib gəlməsə də, turnirin ulduzu idi.
Çünki iki qolu olmayan, iki övlad anası Barbi sonadək mübarizə apardı.
Milli.Az CBS-ə istinadən bildirir ki, 39 yaşlı Barbi Tomasın sözlərinə görə, iki qolu olmasa da, heç zaman bədbinliyə qapılmayıb, ruhdan düşməyib.
"İki qolum olmasa da, ürəyimdə həvəs, təpər və istək var. Bodibildinqlə də illərdən bəri məşğul oluram. Arzum çempion medalını qazanmaqdır, - Barbi deyib. - Qollarımın olmaması həyatımda ciddi əngəllər və məhdudiyyətlər yaradır. Lakin hər insanın yaşamında hansısa problem, məhdudiyyət var. Belə şeylərə görə həyatdan küsməyə dəyməz".
Barbi Tomasın dediyinə görə, sağlam insanın etdiyi hər işi edir. Bir şərtlə ki, qolları olmadığından ayaqlarından yararlanır.
O, dişlərini yuyanda, nahar edəndə, soyuducudan süd və su götürəndə, SMS yazanda, dükanlarda alış-veriş edəndə, makiyaja başlayanda və hətta maşın sürəndə ayaqlarından istifadə edir.
İndiyədək iki dəfə boşanan və iki il əvvəl üçüncü dəfə ailə quran Barbi Tomas 2003-cü ildən bəri bodibildinqlə məşğuldur.
Mənbə: Milli.Az