"Hazırda Azərbaycanda 1000 İran vətəndaşı yaşayır ki, onlardan 700 nəfəri tələbədir". Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir. Onun sözlərinə görə, orta hesabla hər il İrandan Azərbaycana 200-250 min nəfər turist səfər edir.
M.Pakayin əlavə edib ki, hazırda Azərbaycanda 500 İran şirkəti qeydiyyatdan keçib.
Səfir, həmçinin qeyd edib ki, ildə bir milyon Azərbaycan vətəndaşı İrana müalicə məqsədi ilə səfər edir. "Onlar, əsasən, Tehran, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səfər edirlər", - deyə Pakayin bildirib.
O deyib ki, hazırda İran və Azərbaycan arasında münasibətlər müsbət atmosferada davam etdirilir.
"Mən iki ölkə əlaqələrinin gələcək prespektivinin daha yaxşı səviyyədə olacağına inanıram, ona görə ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin İrana sonuncu səfəri iki ölkə arasında əməkdaşlığın inkişafı sahələrini daha əlverişli edib", - deyə Pakayin bildirib.
Mənbə: Milli.Az