Yay fəsli qış ayları ilə nisbətdə insanlar üçün daha çətin olur. Çünki yayda tez-tez susamaq, istidən iştahsızlıq və ani gələn yemək istəyi, soyuq havalara alışmış bədənin birdən-birə bürküylə üzləşməsi insanı vadar edir ki, sağlamlığı ilə oynasın.Təbii ki, orqanizmin aclıq və susamaq kimi tələbatını ödəmək mütləqdir, lakin nə yeməkdən və necə yeməkdən fərqli olaraq yeməyin necə hazırlanıb, harada satılması da çox vacibdir. Əks halda qızmar yay aylarında orqanizmin zəhərlənməsi, müxtəlif viruslarla üzləşməsi qaçılmaz olacaq. Bunlardan qorunmaq üçün isə qidalara və qida satılan məkanlara xüsusi diqqət yetirilməlidir.Bu gün paytaxtda, demək olar ki, hər iki addımdan bir yemək üçün nəzərdə tutulmuş yerlər qarşımıza çıxır. Havanın günü-gündən istiləşməsini nəzərə alsaq, deyə bilərik ki, heç də bütün bu yerlər insan sağlamlığının qeydinə qalmır. Bu cür yerlərdə satılan qidaların çoxu da yeyilməyəcək qədər dadsız və duzsuz olur. Bir sözlə, hazırlanması elə də pul tələb etməyən qidaları olduqca baha qiymətə sataraq həm alıcını zəhərləmək, həm də pul qazanmaq yay aylarında daha da aktuallaşır.
Ticarət mərkəzlərinin birində peraşki və qutab satışı ilə məşğul olan Zeyfə xala deyir ki, bu şəraitdə ət və bu kimi qidalar hazırlamaqdansa, qutab və peraşki ən təhlükəsiz qidadır. "Alıcıların çoxluğu qutab və peraşkiyə tələb olduğunu göstərir və mən də çörəyimi buradan çıxarıram. Qışda ət və qarın qutabları da bişiririk. Amma indi hava çox istidir və bu yeməkləri satmaq olmur. Göy qutabı və noxudlu, kartoflu peraşki satırıq. Mümkün qədər təmiz bişirirəm, çünki mən də çörəyimi buradan çıxarıram. Un pulu, içlik pulu, yol pulu, yer pulu və s. ödəmək lazım olduğundan yemək qiymətlərində də fərq olur. Məsələn, peraşkinin 1-ni 30 qəpiyə, qutabı 40 qəpiyə veririk. Düzdür, bahadır, amma həm əlimiz təmizdir, həm də bundan aşağı satmaq bizə sərf etmir".
Dönərlər artıq kifayət qədər müzakirə olunduğundan insanlar onun ziyanından xəbərdardırlar. Qutab, peraşki, pirojna, "hot-doq" adlanan ayaqüstü qidaların fəsadları isə elə də gündəmdə deyil. Əslində müqayisə edilsə, bu cür tez-bazar qidalar daha çox məşhurdur. Elə bu qidaların ziyanları da olduqca yüksəkdir. Zəhərlənmə riski isə elə dönərlərə bərabərdir. Dönər birdəfəlik nahar yeməyi sayıldığı halda peraşki və qutab kimi qidalar sadəcə, yemək arası sayıldığından çəkiyə nəzarəti də itirir. Amerikanın "Forbes" jurnalı keçən il 194 ölkə arasında artıq çəkililəri araşdırarkən müəyyən edib ki, Azərbaycan əhalisinin təqribən 57 faizindən çoxunda çəki normadan artıqdır. Ekspertlərin fikrincə, buna səbəb az fiziki hərəkət və stresli işlə yanaşı, həm də "fast food"ların təsiridir.
Toksikoloq Azadə Həsənovanın sözlərinə görə, ayaqüstü qidalardan zəhərlənmə hallarına daha tez-tez rast gəlinir. Dönərlə müqayisədə bu cür qidalar daha tez zəhərlənmə verir. Nəzərə alınsa ki, dönərin bir partiyası bir gün ərzində bitirsə, quru qidalarda bitməyənlər növbəti gün isidilərək istifadəyə verilir. Bu isə zəhərlənmələr üçün ideal şərait yaradır: "Tərkibində ət və dəri olmayan ayaqüstü qidalarda zəhərlənmələr qeydə alınmır. Məsələn, qeyd edilən kimi kartoflu peraşki və göy qutabları zəhərlənmə vermir, amma qalıq qida olduqları üçün mədəyə oturur. Qıcqırma verir. Həzmdə ağırlıq yaradır. Dəfələrlə istifadə olunmuş yağda qızarırsa, ürəkbulanma və qidadan iyrənmə hissi yaradır. Tərkibində ət və qarın, dəri olan qidalar mədəni pozur. Ətin tərkibi bilinmədiyi üçün risk ikiqat artır. Qarın və bu kimi dəri məhsullarından hazırlanan qidalarda yuyulma təmizliyinə riayət edilib-edilmədiyi bilinmədiyi üçün bədənə mikrob ötürməsi real riskdir. "Hot-doq" adı ilə tanınan çörək arası sosiskalar, pizzalar da zəhərlənmə üçün əsas səbəbdir. Uzun müddət qalan və tərkibi pozulan sosiska və kolbasalardan istifadə edəndə zəhərlənmələr baş verir. Yüngül ürək bulanma və baş gicəllənməsi ilə müşahidə olunan zəhərlənmə bəzən insanda günvurma təəssüratı yaradır. 2 gündən sonra zəhərlənmənin şiddəti artır və orqanizm zəifləyir. Ayran və ağartı məhsulları ilə bədən təmizlənmədikdə qaşınma, qızarma, səpmə, qızdırma, qaytarma müşahidə olunur".
Təəssüf ki, insanların daha sıx toplaşdığı alış-veriş məkanlarında bu cür qidaların natəmiz şəkildə satıldığını müşahidə edirik. Açıqda satılan və üstü birqat tül ilə örtülən qidalar təmizlik baxımından sadəcə göz aldadır. Çünki bu cür şəraitdə birqat tüllə qidaları qorumaq mümkün deyil. İsti havalarda qida saxlanılan yeri daha da isti etmək onların tərkibinin pozulmasına səbəb olur. Bu cür qidaları qəbul etdikdən sonra maksimum 4 saat ərzində mədədə narahatlıq yaranarsa, qida mədə pozuntusu yaratdığına işarədir. Belə olan halda maye qəbul edərək qida qaytarılmalıdır. Əks halda bir neçə saatdan sonra mədə qidanı qəbul etməyə və zəhərlənməyə çevirə bilər. Ən yaxşısı isə evdən kənar heç bir ayaqüstü qida yerlərində yemək yeməməkdir.
Mənbə: mili.az