Qadin.NET / 10 uşaq müəssisəsində monitorinq aparılacaq

10 uşaq müəssisəsində monitorinq aparılacaq

 

10 uşaq müəssisəsində monitorinq aparılacaq
“Ötən il uşaq müəssisələrində monitorinq zamanı müəyyən mənfi hallar aşkarlanıb” Bakı. Ramiz Mikayıloğlu - APA. “Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlu ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, ekspertiza təyin edilib. Əldə edilən nəticələrə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövqeyini bildirəcək”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib. A. Sofiyeva bildirib ki, internat məktəblərində və digər uşaq müəssisələrində belə halların baş verməsinin qarşısının alınması istiqamətində işlər görülür: “Nazirlər Kabineti yanında baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya nəzdində Monitorinq Qrupu fəaliyyət göstərir. Monitorinq Qrupunda Dövlət Komitəsi ilə bərabər, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və digər müvafiq qurumların nümayəndələri var. Keçən il 10 müəssisədə monitorinq aparılıb. Bu il də Monitorinq Qrupu siyahı təqdim edib və siyahı təsdiqlənib. Cari ildə də 10 uşaq müəssisəsində monitorinq aparılacaq”.A. Sofiyeva keçən il monitorinq aparılan uşaq müəssisələrində nəticələrin yerində aktlaşdırıldığını və Komissiyaya təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, Komissiyanın iclasında bu nəticələr müzakirə olunub: “Bu uşaq müəssisələrində hər şeyin əla olduğunu söyləmək düzgün olmazdı. Keçən il uşaq müəssisələrində monitorinq zamanı müəyyən mənfi hallar aşkarlanıb, ancaq ciddi problem yaradacaq hallar aşkarlanmayıb. Uşaq müəssisələrində müəyyən mənfi nüanslar aşkarlanıb”.

Mənbə: apa.az 

26 may 2014
GO BACK