Siqaret çəkməyən insanların çoxu düşünür ki, qəlyan zərərsizdir. Üstəgəl fərqli dad seçimi onu daha da cazibədar edir. Ancaq ciyərlərinizə aldığınız hər qəlyan tüstüsünün sizi ölümə bir addım da yaxınlaşdırdığını bilirsinizmi? Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın Səhiyyə İnstitutunun apardığı araşdırmadan məlum olub ki, insan qəlyan çəkən zaman karbon-monoksidin, nikotinin, nitrozaminin, uçan aldehidlərin və digər kanserogen maddələrin təsirinə məruz qalır. Aparılan araşdırmada 18-48 yaş arası 55 nəfər iştirak edib. Onların hamısı mütəmadi olaraq qəlyan çəkiblər və səhhətləri ilə bağlı heç bir problemlə üzləşməyiblər. Araşdırmadan əvvəl iştirakçılara tapşırılıb ki, bir həftə ərzində qəlyan çəkməsinlər. Sonra bir dəfə çəkdikdən sonra analiz veriblər. Laboratoriya nəticələri qanda zərərli maddələrin olduğunu aşkara çıxarıb. Alimlər belə bir nəticəyə gəliblər ki, qəlyan bütün ziyanları ilə yanaşı, nikotin asılılığı da yaradır.
Mənbə:Milli.Az