Qadin.NET / Sabahdan işdən çıxırsan...

Sabahdan işdən çıxırsan...

İşdə uğur qazanmağın sirlərindən biri də gördüyün işi sevərək həyata keçirməkdir. Bəziləri sevdikləri işin arxasınca gedirlər, bəziləri isə gördükləri işdə uğur qazandıqdan sonra onu sevməyə başlayırlar. Çalışdığın sahədə zəhmətə qatlaşmaq zirvəyə aparan yolun bələdçisidir. İnsanlar illərlə işlərinə əmək verir, bu yolda uğur qazanmaq üçün əllərindən gələni əsirgəmirlər. Lakin bunu bütün işçilər haqqında deyə bilmərik. Bəziləri onlara tapşırılan işi vaxtında yerinə yetirmir, məsuliyyətsizlik edirlər. Təbii ki, bu da cəzasız qalmır, ya töhmət, ya da işdən uzaqlaşdırılma ilə nəticələnir. Amma bəzən də elə olur ki, şirkət müdiri müəyyən səbəblərlə - tutaq ki, maliyyə problemləri ilə əlaqədar heç bir səbəb olmadan işçiləri ixtisara salmaq məcburiyyətində qalır... 

Bəs, görəsən, şirkət müdirləri bu cür işçilərlə necə davranmalıdırlar? Müəssisə rəhbəri laqeyd işçiyə qarşı necə tədbir görməlidir? Və ya işçisinin işə marağını artırmaq üçün atacağı addımlar nələrdir? 
“İşçinin fəaliyyətinə son qoymaq problemi həll etmir”
 “İşləməyən dişləməz” deyib, atalarımız. Bəli, həyatda nə isə əldə etmək üçün çalışmaq lazımdır. Lakin elə hallar da olur ki, insan sevib, əmək verdiyi işdən hər hansısa bir səbəbdən məhrum olur. Buna həm işinə qarşı məsuliyyətsizlik, həm də iş yerində işçilərin sayının azaldılması, ştatların ləğvi də səbəb ola bilər. 
Mövzu ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “Texno park”ın direktoru İsa Qasımov dedi: “İşçini qəfil işdən çıxarmaq düzgün addım deyil. İşçi hər hansısa bir səbəbdən işdən çıxarılırsa, əvvəlcə qanunvericiliyə riayət olunaraq bunun səbəbi ona izah edilməlidir. Burada işdən uzaqlaşdırma səbəbi müxtəlif ola bilər. İşçi ixtisara düşər və ya işində özünü doğrulda bilməz. Səbəb ikincisi də olsa, işdən çıxarma ən axırıncı variant olmalıdır. Məsələn, mümkün olduğu qədər işçisini daha da təkmilləşdirmək üçün işlər görülməlidir. Müdir işçisini seminarlara, treninqlərə, təlimlərə göndərərək yetişdirərsə, daha yaxşı nəticə əldə edəcəyini bilməlidir. “İşçinin problemi var” deyib, onu işdən çıxarmaq problemi həll etmir. Çünki müdirin sonradan işə götürəcəyi işçinin daha yaxşı performans göstərəcəyi qeyri-məlumdur”. 
İsa Qasımovun sözlərinə görə, işçi də əmək müqaviləsində göstərilən qaydalara uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. “Şirkətin missiyasını nəzərə almalı və bununla belə, qabiliyyətində çatışmazlıqlar varsa, öz üzərində işləməlidir. Ona verilən tapşırıqları daha yaxşı yerinə yetirməlidir ki, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalmasın” deyən Qasımov hər vəziyyətdə işçinin məcburən işdən uzaqlaşdırılmasının onun üçün mənfi hal olduğu vurğuladı: “İstənilən işçinin öz istəyi ilə deyil, məcburən işdən çıxarılması onun gələcək karyerası üçün müsbət nəticə vermir. O, öz üzərində daima işləməlidir ki, işdən çıxarılsa da, performansı nəzərə alınaraq növbəti işinə yaxşı referans olsun”. 
İşçinin fəaliyyətinə son qoyulduqda... 
Çox vaxt işçilər öz hüquqlarını bilmədikləri üçün istismara məruz qala bilirlər. İşdən uzaqlaşdırılan şəxs zərərçəkən tərəf olur. Bu zaman əmək müqaviləsinə uyğun olaraq müdirdən nələr tələb edə biləcəyini bilməlidir. Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin baş katibi Elməddin Mehralıyevə müraciət etdik. 
Məsələyə hüquqi tərəfdən açıqlama verən Elməddin Mehralıyev işəgötürənin işçi qarşısındakı öhdəliklərini sıraladı: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən əmək müqaviləsinə “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” əsası ilə xitam verdikdə, bu zaman işçiyə azı iki ay əvvəlcədən rəsmi xəbərdarlıq olunmalıdır. Bununla yanaşı, xəbərdarlıq müddəti ərzində işçiyə iş axtarmaq imkanı yaradılması məqsədilə hər iş həftəsində azı bir gün əmək haqqı saxlanılmaqla o, əmək funksiyasının icrasından azad edilməlidir. Orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxdığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilməlidir. İşəgötürən xəbərdarlıq müddəti əvəzinə, işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını birdəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər”. 
Mehralıyev onu da qeyd etdi ki, əgər işçi əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmirsə, Əmək Məcəlləsinə əsasən, işəgötürənin onun əmək fəaliyyətinə son qoymaq haqqı var: “İşçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduqda, işəgötürən əmək müqaviləsini məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Bu səbəblə işdən çıxarılan işçiyə heç bir müavinət ödənilmir. Lakin bunun üçün kifayət qədər əsas olmalıdır. Əgər belə bir əsas yoxdursa, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab olunur”. Üzərinə düşən işi layiqincə yerinə yetirmək işçinin əsas vəzifəsidir. İşini yaxşı bilmək, onu yerinə yetirməyin yarısına bərabərdir. Bu fikri dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları tamamlayır: 
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Mənbə:Milli.Az
23 may 2014
GO BACK