Qadin.NET / Mövsümi allergiya nədir və ondan necə qorunmalı?

Mövsümi allergiya nədir və ondan necə qorunmalı?

 

Həkimlərin bildirdiyinə görə, hər 7 insandan biri allergiya xəstəliyindən əziyyət çəkir. Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Yaz fəslində baş verən allergiyalar mart ayının əvvəllərində ağacların tozlanması nəticəsində başlayır və may ayının sonu, iyunun əvvəllərinə kimi davam edir. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır. Yaz aylarında ortaya çıxan allergiyalar arasında pollinoz üstünlük təşkil edir. Pollinoz özünü müəyyən əlamətlərlə büruzə verir. 
Diləfruz İsayeva, həkim-allerqoloq: "Onlarda burun axması, gözdə qaşınma, gözdən su axma, gözün qızarması, burun tutulması kimi əlamətlər olur. Amma bəzi xəstələrdə dəridə yaranan qızartılar, qaşınma, səpkilər - pollinozun əlamətləri ola bilər".
Bitkilərə qarşı həssaslığı olan insanlar qış aylarında özlərini tam sağlam hiss edə bilərlər. Lakin yazın gəlişi ilə onların vəziyyəti kəskin sürətdə dəyişə bilər. Mütəxəssislər qeyd edir ki, pollinoz vaxtında və düzgün müalicə olunmazsa, sonradan ağır fəsadlar yarada bilər. 
Diləfruz İsayeva: "Çox zaman bronxial astmaya keçir. Bunun isə əlamətləri yuxarıda sadaladıqlarımızla bərabər, öksürmə, tənginəfəslik, boğulma əlamətləri ilə özünü büruzə verir". 
Sonradan ağır fəsadlar yaranmasın deyə bu tip insanlar özlərini qorumalı, allergiya yarada biləcək yaşıllıqlardan uzaq dayanmalı və xüsusi ilə qidalanmalarına diqqət etməlidirlər. 
Mütəxəssislər deyir ki, mövsümi allergiyası olan insanlar baldan, sitrus meyvələrindən, ədviyyatlardan, əsasən də mövsümə uyğun olan qıcıqlandırıcı meyvə və tərəvəzlərdən bacardıqca uzaq dayanmalıdırlar. 

Mənbə: Milli.Az

 

27 may 2014
GO BACK