Goranboy rayonunda bütün apteklər mayın 16-dan bağlanıb. Milli.Az bildirir ki, bu barədə AzadlıqRadiosuna rayon sakinləri məlumat veriblər: "Ciddi yoxlama var, nə isə axtarılır, amma dəqiq səbəb göstərilmir. Birinin xəstəsi var, ağrıdan ölür, amma dərman ala bilmir, deyirlər, gedin, başqa şəhərdən, Gəncədən, ya da haradan alırsınız, alın. Bu nə məsələdir, bilmirik".
Məlumatı rayon mərkəzi xəstəxanasından təsdiqləyiblər. Amma bu addımın hansı səbəbdən atıldığı onlara da bəlli deyil. Hələ ki məsələyə Səhiyyə Nazirliyi və rayon səhiyyə şöbəsindən münasibət öyrənmək mümkün olmayıb. Goranboy rayonunda fəaliyyət göstərən "Həyat" aptekindən AzadlıqRadiosuna verilən məlumata görə, yoxlamaları Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi ilə Milli Təhlükəsizlik nazirliyi birgə aparırlar: "Bizim apteki artıq yoxlayıblar. Hər hansı problem çıxmayıb. Digər apteklərdə də yoxlamalar davam edir. İki-üç ildən bir belə yoxlamalar olur və bu da növbəti yoxlamadır. Çox güman ki, mayın 19-dan apteklər fəaliyyətini bərpa edəcək". Konkret Goranboy rayonu ilə bağlı olmasa da Səhiyyə Nazirliyinin internet səhifəsində qeyd olunur ki, "dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində nəzarət İnnovasiya və Təchizat Mərkəzi tərəfindən daima aparılır". Goranboyda 20-dən artıq aptek var.