HTC şirkəti HTC One mini 2 smartfonunu nümayiş etdirib. Şirkətin mühəndisləri funksionallığa zərər vurmadan aparatın ölçüsünü kiçiltməyə çalışıblar. Milli.Az ICTnews-a istinadən bildirir ki, HTC One mini 2 smartfonunun ölçüsü 137x65x10.6 mm, çəkisi 137 qram təşkil edir. Aparat 1280x720 nöqtə təsvir ölçülü 4,5 düymlük ekranla təchiz edilib. Smartfon 1,2 QHs takt tezlikli dördnüvəli Snapdragon 400 prosessoru ilə işləyir, 1 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib, həmçinin microSD yaddaş kartları üçün slot var. Batareyanın tutumu 2100 milliamper/saat təşkil edir, şirkət rəsmiləri iddia edir ki, bu, 3G şəbəkəsində 16.2 saat danışıq üçün kifayətdir.
Qurğu ikinci, üçüncü və dördüncü nəsil şəbəkələrində işləyir və nano form-faktorlu SİM-kart tələb edir. NFC, Bluetooh 4.0, Wi-Fi a/b/g/n modulları, GPS və QLONASS dəstəklənir. Yeni HTC One mini-versiyasının əsas kamerasının təsvir ölçüsü 13, ön kamerada isə 5 meqapikseldir. Ön paneldə yığcam smartfon üçün keyfiyyətli səsə malik güclü BoomSound stereodinamikləri yerləşdirilib.
Qurğu iyunda Avropa ölkələrində satışa çıxarılacaq. Aparatın qiyməti bildirilməyib, ancaq aparat 520 avro qiymətinə Avropanın bəzi internet mağazalarında artıq yerləşdirilib.
Mənbə:Milli.Az