Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib. O bildirib ki, 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan da 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir: “Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faiz düşür. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar (40.9 faiz), daha sonra uşaqsalma (6 faiz) və ölü doğuş (0.4 faiz) nəticəsində baş verir”.
L.Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17500 idisə, 2012-ci ildə artıq bu göstərici 31000 olub: “Lakin 2012-ci ilin statistikasına idarə tabeli və digər tibb müəssisələrinin də göstəriciləri daxil edilməyib. 2000-ci ildə hər 1000 qadına düşən abortların sayı 7,8 faiz idisə, 2012-ci ildə artıq bu göstərici 11,5 faiz olub. Mini abortların sayı 2000-ci ildə 4500 idisə, 2012-ci ildə 9500 olub. Hər 1000 qadına bu göstərici 2000-ci ildə 2 faiz idisə, 2012-ci ildə 3,5 faiz olub. 2012-ci ildə dərman vasitələri ilə 100 abortun icra edildiyi göstərilib ki, bu da hər 1000 qadına 0,04 faiz təşkil edib”.