Cənubi Koreyanın Samsung Electronics şirkətinin dünya planşet kompüterlər bazarında payı rekord səviyyəyə çatıb ki, bu da ona lider Apple korporasiyasından geriliyi azaltmağa imkan verib. Bu barədə Strategy Analytics şirkətinin məlumatında deyilir.Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə Samsung 12,8 milyon planşet tədarük edib ki, bu da bazarın ümumi həcminin 22,6 faizini təşkil edir. Bir il əvvəl bu göstərici 18,9 faizə, tədarük edilmiş Galaxy Tab istehsal xəttindən olan qurğuların sayı 9,1 milyon ədədə bərabər olub. Milli.Az ICTnews-ə istinadən bildirir ki, Apple beynəlxalq arenada nəhəng planşet istehsalçısı olaraq qalır. Lakin iPad istehsalçısının payı illik hesablamada 11,5 faiz azalaraq cari ilin yanvar-martında 28,9 faiz olub. Apple artıq Cənubi Amerika, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika kimi regionlarda liderliyi Samsunga verib.Analitiklər Cənubi Koreya nəhənginin ABŞ rəqibi üzərində əsas üstünlüyü kimi geniş məhsul çeşidini qeyd edirlər. Bunun sayəsində Samsungun bazar payına görə Applea yaxınlaşmaqda davam edəcəyi gözlənilir. Ötən rübdə 2,3 milyon planşet istehsal edərək 4,1 faizlik paya sahib çıxan Lenovo şirkəti liderlərdən çox geri qalır. Sonrakı yerdə 3,7 faizlik göstərici və 2,1 milyon tədarük edilmiş qurğu ilə ASUS şirkəti qərarlaşıb. Amazon şirkətinin payı 2,6 faiz təşkil edir.