Milli.Az bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) ilin sonunadək Azərbaycanın rayonlarında rəqəmsal televiziyanın 15 siqnal ötürücü aparatını quraşdıracaq. Bunu Trend-ə İB-dən deyiblər. İB-dən bildiriblər ki, ötürücü aparatlar yaşayış məntəqələrində, əsasən rəqəmsal TV siqnalı ilə əhatə olunmamış və ya siqnalın aşağı səviyyədə qəbul olunduğu kəndlərdə quraşdırılacaq. Avadanlıq qismən alınıb və hazırda quraşdırma işləri aparılır. Ötürücü aparatlar Xızı, Şamaxı, Siyəzən, Quba, İsmayıllı, Qax, Cəlilabad, Yardımlı, Astara, Göygöl, Gədəbəy, Qazax, Tovuz və Daşkəsən rayonlarında quraşdırılacaq. Qeyd edək ki, hazırda respublikada işə salınmış rəqəmsal televiziyanın siqnal ötürücü aparatlarının ümumi sayı 90 min ədədə çatır. Respublika əhalisinin təqribən 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub.