Qadin.NET / Paytaxtda bu küçədə su və ümid kəsilib

Paytaxtda bu küçədə su və ümid kəsilib

 

Milli.Az xəbər verir ki, Sabunçu rayonu, Natavan küçəsinin sakinləri 10 gündən artıqdır ki susuz qalıblar. İlk üç gün su gecə saat 00:00-dan etibarən bir saat verilib. Lakin bu 1 saatlıq xoşbəxtliyi də onlara çox görüblər. Belə ki, növbəti günlər su tamamilə kəsilib. Aidiyyəti qurumlara müraciətlər isə nəticəsiz qalıb. Səlahiyyətli şəxslər sakinlərin haqlı müraciətlərinə kobud cavablar verib, məsələni araşdırmaq əvəzinə ənənəvi "problem araşdırılır, həll edildikdə su təchizatı bərpa ediləcək" cavabını veriblər. Ümidlərini əlaqədar təşkilatlardan üzən sakinlər problemlərini həllini media vasitəsi ilə həll etmək qərarına gəliblər və ilk ünvan olaraq Milli.Az-ı seçiblər. Onların redaksiyamıza ünvanladıqları məktubu olduğu kimi təqdim edirik: 
“Biz Sabunçu rayon, Natavan küçəsindən bir qrup qonşu adından sizə yazırıq. Bizdə 10 gündən artıqdır ki su gəlmir. Bu son 10 günə kimi üç gün gecə saat 1-2 arası gəlirdi, o da ki gərək 955 yığaq. Ancaq son günlər həmin nömrəni yığanda bizə kobudcasına “su bərpa olunduqdan sonra gələcək” deyirlər”. 
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Milli.Az-a açıqlamasında həmin ərazinin susuz qalmasından xəbərdar olduğunu bildirib.“Natavan küçəsinə bir neçə gündür ki problem ucbatından suyun verilməsi dayandırlıb. Bir neçə birləşmələr olduğuna görə borularda problem yaranmışdı. Ancaq problem artıq iki gündür ki aradan qaldırılıb. Yaxın günlərdə sözügedən küçəyə qrafikə uyğun olaraq su veriləcək”. Anar Cəbrayıllı sonda qeyd etdi ki, Natavan küçəsinin hamısı yox, yarı hissəsi su problemindən əziyyət çəkirdi. 
Mənbə:Milli.Az

 

14 may 2014
GO BACK