Afaq Əliyeva APA-ya açıqlamasında bildirib ki, hazırda məktəblilər arasında səpgili xəstəliklərdən suçiçəyi daha çox müşahidə olunur. Onun sözlərinə görə, uşaq bağçalarında bu xəstəliyə yoluxma halı o qədər də çox deyil. Əsasən, məktəb yaşlı uşaqlarda suçiçəyinin qeydə alındığını deyən A.Əliyeva bildirib ki, böyüklər arasında da tək-tək hallarda bu xəstəlik müşahidə olunur: “Suçiçəyi idarə olunan xəstəliklər qrupuna daxil deyil. Bu, idarəolunmayan xəstəlik olduğuna görə hər il ölkədə qeydə alınır. Rayon gigiyena-epidemiologiya mərkəzləri tərəfindən də buna qarşı əks epidemik tədbirlər həyata keçirilir. Hazırda xəstəliyin vəziyyəti keçən ilki durumla eyni səviyyədədir. Hər il bizdə bu xəstəlik qeydə alınır. Vəziyyətlə bağlı epidemioloqlar tərəfindən araşdırmalar aparılır və əks tədbirlər həyata keçirilir”.Azərbaycanda qızılca ilə bağlı vəziyyətə gəlincə, A.Əliyeva qeyd edib ki, aparılan müayinələr nəticəsində bu il aşkar olunan səpgili xəstəliklər arasında qızılca halı təsdiq edilməyib: “Allergik səpgilər yaz-yay fəslində daha çox müşahidə olunur. Hər bir səpgili xəstələrdən nümunə götürülərək müayinələr aparılır. Onlar arasında hələ ki bu il qızılca xəstəliyinin laborator təsdiqi qeydə alınmayıb”.