Ana dilimizi sevməklə, mükəmməl öyrənməklə kifayətlənməyib, həm də onun təbliğatçısı olmalıyıq. Beynəlxalq tədbirlərdə Azərbaycan dilində xalq mahnılarımızı, şeirlərimizi oxuyan ərəbləri, afrikalıları və s. millətlərin nümayəndələrini gördükdə içimiz fərəhlə dolur. Ürəyimizdə əcnəbi uşaqlara dilimizi bu qədər sevdirən və öyrədən insanlara min alqış, əhsən deyirik. Bu onu göstərir ki, xarici ölkələrdə ana dilimizin tədrisi və təbliği ilə məşğul olan azərbaycanlı müəllimlərin zəhmətləri öz bəhrəsini verir. Bəs ölkəmizə ali təhsil üçün gələn əcnəbilərə necə, Azərbaycan dilini sevdirə və öyrədə bilirikmi?
Mövzumuzla bağlı ilk olaraq, Qafqaz Universitetinin baş müəllimi Zabitə Teymurlunun fikirlərini öyrəndik. Zabitə Teymurlu deyir ki, ümumiyyətlə, əcnəbi tələbələrə ana dilimizi öyrətmək üçün dərsliklər kifayət etmir. Bu məqsədlə Bakı Dövlət (BDU) və Bakı Slavyan Universitetlərinin (BSU) dərsliklərindən istifadə etdiklərini deyən Z. Teymurlu qeyd etdi ki, bu dərsliklər nə müəllimləri, nə də tələbələri qane edir: “Yeni dərsliklərin hazırlanmasına ehtiyac var. Əlimizdə olan dərsliklərdə mövzular qarışıqdır. Ona görə də əcnəbi tələbələr o kitabları oxuyub qavramaqda çətinlik çəkirlər. Bu səbəbdən də məcbur olub, başqa vasitələrdən istifadə edirik”. Hömsöhbətimiz onu da bildirdi ki, işlədiyi universitet müəllimləri ilə bərabər yeni kitab hazırlamaq haqqında düşünür: “Əcnəbilər üçün Azərbaycan dili dərslikləri elə tərtib olunmalıdır ki, onların bu dilə olan marağını artırsın. Ümumiyyətlə, öyrənməni maraqlı təşkil etmək lazımdır. Bunun üçün də mən əcnəbi tələbələrə milli kinolarımızı izlətdirir və onlara xalq musiqilərimizi dinlətdirirəm və s.”
Zabitə xanımın fikrincə, əcnəbilər üçün hazırlanan Azərbaycan dili dərsliklərinin müəyyən səviyyələr üzrə dinləmə, yazı işləri, oxuma və s. istiqamətli hazırlanması onların işinin səmərəliliyini artırardı.
BDU-nun Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova isə bildirdi ki, əcnəbi tələbələrə Azərbaycan dilinin tədrisi üçün vəsait problemi çoxdan mövcuddur: “Hələ 1990-ci illərin əvvəllərində xaricdən gələn tələbələrə Azərbaycan dilini öyrətmək üçün heç bir vəsait yox idi. Keçəcəyim mövzunu evdə olarkən vərəqlərə yazırdım. Sonra isə əcnəbi tələbələrimə dərs vəsaiti kimi verirdim”. 1995-ci ildə Azərbaycan dilini öyrənmək istəyən xarici vətəndaşlar üçün “Azərbaycan dili” dərsliyi hazırlayan M. Qurbanova 2000, 2006, 2008-ci illərdə həmin kitabın təkmilləşdirilmiş yeni nəşrlərini çap etdirib: “Azərbaycanda bu dərs vəsaitinə böyük ehtiyac var. Demək olar ki, ali təhsil ocaqlarının əksəriyyəti, səfirliklər və xaricdəki diaspor təşkilatlarımız bu kitablardan istifadə edirlər. Xarici vətəndaşlar üçün “Azərbaycan dili” kitabına olan tələbatı nəzərə alıb onu daha da təkmilləşdirmişik. İnşallah, yaxın vaxtlarda o da, işıq üzü görəcək”. Sonda müsahibimiz qeyd etdi ki, adıçəkilən dərsliyin həmçinin disk formatında hazırlanması xarici tələbələrə Azərbaycan dilinin tədrisinin keyfiyyətini artırar: “Dərsliklərin eyni zamanda disk formatında da hazırlanması İKT əsri olan XXI əsrdə çox əhəmiyyətlidir. Disk formatında dərsliklərin hazırlanması təcrübəsindən dünyada geniş istifadə olunur. Əcnəbi vətəndaşlar üçün hazırladığımız “Azərbaycan dili” dərsliyinin disk formatında hazırlanmasına isə vəsait lazımdır”.
Mövzu ilə bağlı Təhsil Nazirliyinə də suallar ünvanladıq. Nazirlikdən “Zaman-Azərbaycan”a mövzu ilə bağlı bildirdilər ki, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində hələ sovet dövründə əcnəbi vətəndaşların hazırlığı üçün nəzərdə tutulan fakültə, mərkəz və şöbələr yaradılıb” SSRİ dövründə təhsil almaq məqsədilə Azərbaycana gələnlərin böyük əksəriyyəti tədris dili rus dilində olan ixtisaslara və ya rus dili üzrə dil hazırlığı keçməyə üstünlük verirdisə, müstəqilliyimizin bərpa olunmasından sonra Azərbaycana gələn qeyri-rus dilli kontingent hesabına ali təhsil müəssisələrində Azərbaycan dili üzrə hazırlıq daha da intensivləşdi”.
Qurumdan onu da bildirdilər ki, 5 ildən bir Təhsil Nazirliyi tərəfindən təsdiqlənən əcnəbi vətəndaşların hazırlığı fakültələri üçün işçi tədris planında əsas diqqət Azərbaycan dilinin tədrisinə ayrılır: “İxtisaslardan asılı olaraq, illik dərs saatlarının həcminin təqribən yarısına qədəri dilimizin tədrisi ilə əlaqədardır. Məsələn, humanitar ixtisaslarda ümumi 1370 saatdan 566, mühəndis və iqtisadiyyat ixtisaslarında 500, incəsənət ixtisaslarında 364 saat Azərbaycan dilinə ayrılır”. Təhsil Nazirliyindən onu da qeyd etdilər ki, yerli ali təhsil müəssisələrinin nüfuzu və əcnəbi tələbələrin Azərbaycanda təhsilə göstərdiyi maraq artdıqca tədris proqramları və əcnəbi tələbələrin universitetlərə qəbulu prosesinin müasir dövrün tələblərinə uyğunlaşa bilməsi üçün qayda və proseduraların yenilənməsinə ehtiyac yaranıb: “Hazırda aparıcı dövlətlərin təcrübələrindən yararlanaraq, Azərbaycanda əcnəbi tələbələr üçün dil hazırlığı fakültələrinin işinin təkmilləşdirilməsi üzrə məqsədyönlü işlər aparılmaqdadır. Bu həm tədris proqramlarının Bolonya sisteminə uyğunlaşdırılmasını, həm də əcnəbi tələbələrin hazırlıq pilləsini bitirməsindən sonra əsas ixtisasların tədrisinə başlaması qaydalarını əhatə etməkdədir”.

Məlumat üçün bildirək ki, əcnəbi gənclər ötən əsrin 60-cı illərindən başlayaraq Azərbaycan universitetlərində ali təhsil almağa maraq göstəriblər. Həmin illərdən etibarən dünyanın 70-dən çox ölkəsindən minlərlə əcnəbi tələbə Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının diplomları ilə ölkələrində yüksək səviyyəli mütəxəssis kimi çalışır. Universitetlərimizin əcnəbi məzunları arasında dövlət başçısı, nazir, siyasətçi və elm xadimləri, həkim, mühəndis və müəllimlərə rast gəlmək olar. Əcnəbi tələbələr arasında Azərbaycana qonşu olan region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin Xalq Respublikası, Hindistan, Cənubi Koreya Respublikası, İndoneziya və bir sıra ərəb ölkələrinin vətəndaşları da vardır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi saytından əldə etdiyimiz məlumata görə, 2012-2013-cü tədris ilində Azərbaycan universitetlərində 60-a yaxın ölkədən 5 min 440 əcnəbi tələbə təhsil alıb.
Mənbə:Milli.Az