Bakı şəhərində fəaliyyət göstərən taksi sürücülərinin xüsusi geyimi olacaq. ANS PRESS-in məlumatına görə, bu günə qədər ancaq London taksisi kimi tanıdığımız taksi sürücülərini xüsusi geyimdə görürdüksə, bundan sonra bu geyim, taksi fəaliyyəti ilə məşğul olan bütün sürücülərə şamil olunacaq. Artıq Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində bu sahədə işlərə başlanılıb. Onlar bir neçə geyim arasından xüsusi geyimi seçməyə çalışırlar. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov deyir ki, təxminən bir aydan sonra taksi sürücülərinin hamısını eyni geyimdə görə biləcəyik: "Taksi sürücülərinin də xüsusi geyimdə olması, həm də müfəttişlərə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücünü müəyyən etməkdə köməklik edəcək”. Əmrah Cəfərov nəqliyyat departamentinin əməkdaşları ilə taksi sürücüləri arasında yaranan anlaşılmazlığa da aydınlıq gətirib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bildirir ki, müfəttişlərin yalnız xidməti geyimdə, vəsiqələrini təqdim edərək taksi sürücülərinə yaxınlaşmaq icazələri var. Hər halda, görülən işlər müsbətə doğru olduğundan, güman edək ki, bu taksi sürücüsü ilə departament əməkdaşlarının arasındakı münasbətlərində normallaşacağına gətirib çıxarar.