Qadin.NET / Müəllimlər sınaq qarşısında

Müəllimlər sınaq qarşısında

______14:25
Yaxın müddət ərzində ölkənin regionlarındakı orta məktəblərdə işləyən müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. 
Trend xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, Bakı Şəhəri Təhsil İdarəsi (BŞTİ) müdirinin müavini Elnur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Sınaq qiymətləndirməsinin attestasiyadan fərqləndiyini xatırladan E.Əliyev bildirib ki, attestasiyadan keçməyənlər sistemdən kənarlaşdırılırlar. Amma sınaq qiymətləndirmədə belə hal olmur: "Sınaq qiymətləndirmənin nəticəsi diaqnostik xarakter daşıyır. Müəllim suallara cavab verə bilməyəcəyi və ya zəif cavab verə biləcəyi halda bu, onun üçün heç bir risk yaratmayacaq. Sınaq qiymətləndirmənin nəticəsi müəllimlərin səviyyəsini müəyynləşdirmək və bunun əsasında onlar üçün inkişaf planı hazırlamaqdır".
E.Əliyev bildirib ki, sınaq qiymətləndirmədən sonra əmək fəaliyyətinin optimallaşdırılması nəzərdə tutulur. Sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin ilkin mərhələdə mükafatlandırılması planlaşdırılır. Onun sözlərinə görə, ətraflı təhlil aparıldıqdan sonra müəllimlərin əməkhaqlarının nə dərəcədə artırılmasından söhbət gedə bilər.
BŞTİ-nin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva bildirib ki, Bakı məktəblərində daimi müəllim vəzifəsində işləyən müəllimlər, analıq məzuniyyətində olan müəllimin əvəzinə müqavilə ilə işləyən müəllimlər sınaq qiymətləndirmədə iştirak edəcəklər. Sınaq qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birlikləri rəhbərləri və sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəklər.
E.Əliyev qeyd edib ki, sınaq qiymətləndirmədə müəllimlərə təqdim ediləcək sualllar mövcud proqrama uyğun olacaq və daha çox məntiqi təfəkkürə əsaslanacaq.
Təhsil eksperti Asif Cahangirov isə qeyd edib ki, məktəb direktorları və direktor müavinləri Bakıda keçiriləcək sınaq qiymətləndirməsində təşkilatçı kimi çıxış edəcəklər. Amma növbəti mərhələlərdə onların da fəaliyyəti hansısa sınaq yolu ilə qiymətləndiriləcək.

 ______13:56

Bakı Şəhəri Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsini həyata keçirəcək.
Trend-in məlumatına görə, BŞTİ müdirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, sınaq qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq: "Sınaq qiymətləndirilməsinin fənn istiqaməti müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilmənin metodika istiqaməti üzrə tapşırıqları kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu isə müəllimlərin şagirdlərlə ünsiyyət qurma, özünü idarəetmə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir".
BŞTİ rəsmisinin sözlərinə görə, sınaq qiymətləndirilmə diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək.
E.Əliyev deyib ki, sınaq qiymətləndirilmə ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyerada inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sisteminin yaradılmasına başlamaq nəzərdə tutulur.
Qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə fəaliyyəti, stimullaşdırıcı meyarlar da dəyərləndiriləcək və yeni yanaşmaya uyğun yeni təlim proqramları hazırlanacaq. Bu proses, həmçinin müəllimlərin ixtisasartırması və yenidən hazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edəcək, əmək fəaliyyəti və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaq.

Mənbə:Milli.Az
12 may 2014
GO BACK