Müasir tarixdə əsasən məhbusların istifadə etdiyi bu üsul bədəni tədricən məhv edir. Bu proses necə gedir və insanın bədəni qidasız nə qədər yaşaya bilər? Milli.Az BBC-yə istinadən bildirir ki, ekspertlər bədənin daha çox iki həftə mərhələsindən sonra dezinteqrasiya etdiyini bildirirlər. Britaniya Qidalanma Assosiasiyasından Keti Koubro deyir ki, susuz aclıq aksiyası edənlər 8-10 gündən sonra susuzluqdan ölürlər. Su içənlər isə 60 günədək sağ qala bilərlər.
İlk günlər
İlk 1-2 gün ərzində bədən mövcud enerjisini istifadə edir. Bədəndəki qlikogen (orqanizmin enerji deposu), daha sonra isə piy bu müddət ərzində istifadə olunur. Aclıq edən şəxsin dərisi rəngini itirməyə başlayır və ağızdan iy gəlməyə başlayır. Tüpürcək ağızdakı bakteriyaları təmizləyir, aclıq edəndə isə bədən tüpürcəyi yemək vaxtınadək qorumağa çalışır.Baş ağrısı və enerjisizlik hiss olunur.
İlk günlərdə aclıq hissi güclü olsa da, bədənə ciddi təhlükə yoxdur.
3-7 gün
3-4 gündən sonra güclü aclıq hissi keçməyə başlayır. Bu günlərdə bədəndəki qlükoza ehtiyatı da tükənməyə başlayır.Bədən aclıq faktını "qəbul edəndən" sonra özü-özünü yeməyə başlayır: bədən enerji üçün piydən, daha sonra isə əzələlərdən istifadə etmə prosesinə keçir. Nəticədə çəki itirilir.Amma bu proses üçün istehsal olunan, keton adlanan piyli turşu yüksək sayda olarsa, orqanizmə ziyandır.
Aclıq barədə kitab yazan Şerman Apt Rasselin sözlərinə görə, bu ilkin mərhələdə ən böyük təhlükə təzyiqin aşağı olmasıdır. Bu, huşunu itirib başını vurmaqla nəticələnə bilər.Amma su qəbul etmədən aclıq edən şəxs bu müddətdən sonra ölə bilər.
İkinci həftə
Enerji üçün qara ciyər və ürək kimi orqanlar istifadə olunmağa başlayır. Bütün bu faktlar insanın bədənindən asılıdır. Məsələn, bədəndə nə qədər çox piy olsa, bir o qədər də çox aclıq edə biləcək.Aclıq sağlamlıq problemləri olan şəxslərdə təsirini daha da çox göstərir və bu problemləri kəskinləşdirir.
3-4 həftə
İki həftədən sonra aclığın doğurduğu simptomlar daha da kəskinləşir və səhhətdə ciddi problemləri əmələ gələ bilər.Əzələ atrofiyası, yəni əzələlərin itirilməsinə görə adam daha da zəifləyir, tərpənməkdə, hərəkət etməkdə problemlər yaranır. İnsan öz hərəkətlərini idarə etməkdə çətinlik çəkir.Ürək döyünməsi ritmi azalır (bradikardiya) və aclıq edən şəxs üşüyür. Tiamin vitamini (B1 vitamini) qıtlığı təsirini göstərməyə başlayır.Buna görə aksiyaçı öd qusmağa başlayır, görməkdə və düşünməkdə çətinlik çəkir.
4-5 həftə
Tiamin vitamini qıtlığının təsirləri ciddiləşir.Gözlər öz-özünə tərpənməyə başlayır, aclıq edən başgicəllənmədən və cüt görmədən əziyyət çəkir.
6 həftədən çox
Aclıq insanın həyatını təhlükə altına qoyur. Beyində problemlər yaranır və aclıq edən şəxs çox vaxtı huşsuz və rabitəsizdir. Bədən bütün vitamin və mineralları sərf edəndən sonra sarılıq və sınqa xəstəlikləri əmələ gəlir. Bəzi adamlar eşitmək və görmək qabiliyyətlərini itirirlər.Altı həftədən çox aclıq edənlər ürək çatışmazlığına görə ölə bilərlər. Bəzi hallarda ölüm, bədəndəki toksinlərin çoxluğuna görə də baş verə bilər.
Mənbə:Milli.Az