Canımız ağrıyanda, təbii ki, ilk üz tutduğumuz yer xəstəxanalar, həkimlər olurlar. Həkimlərin məsləhəti, diaqnozu və müalicəsi ilə vəziyyətimiz düzəlir, halımız yaxşılaşır. Amma bəzən də elə olur ki, iş-işdən keçdiyinə görə, yəni xəstəlik ağırlaşdığı üçün müalicəsi effekt vermir. Halbuki bu sahədə məlumatlı olsaydıq, nə zaman, nə edəcəyimizi bilsəydik, vəziyyətimiz, bəlkə də, ağırlaşmazdı. Sözün yaxşı mənasında bu məsələdə həkimlər bizdən bir addım öndədirlər. Yəni hansısa bir yerlərində ağrı başlamamışdan öncə və ya elə başlayandan sonra nə edəcəklərini, hansı tədbiri görəcəklərini bilirlər. Bəs həkimlər bu hissi necə qavrayırlar? Həkim olmaları onların işinə yarayırmı? Mövzu ilə bağlı müxtəlif sahələr üzrə ixtisaslaşmış həkimlərin fikirlərini öyrəndik.
Stomatoloq Rəşad Qurbanov:
“Təbii ki, bu mənada özümü bir addım öndə hiss edirəm. Fikrimcə, digər həkimlər də belə düşünürlər. Ancaq bu, heç də o demək deyil ki, onlar bütün xəstəliklərlə tam mübarizə apara bilirlər. Çünki bəzi xəstəliklər var ki, onlar “gəlirəm” demir. Yəni insan gözlənilmədən xəstələnə bilir. Məsələn, mənim başıma belə bir hadisə gəlib. Gecə vaxtı dişim bərk ağrımağa başladı. Təxminən gecə saat 2-3 olardı, durub ofisimə gedib, həmin dişimin çürüyünü tapıb, sinirini çıxartdım. Halbuki, belə bir problemlə qarşılaşacağımı ağlıma belə gətirməzdim. Amma digər bir mənada (mənim etdiyim kimi), bəzən həkim özünə bir çarə tapa bilir. Təbii ki, bu həmişə mümkün olmur. Ümumiyyətlə, təkcə bilməklə iş bitmir. Bildiyinə gərək əməl də edəsən. Məsələn, mən bəzən xəstələrimə deyirəm ki, müəyyən vaxt ərzində siqaret çəkmə, ya da 2 saat heç nə yemə. Sonra görürəm ki, xəstə hər hansı bir problemlə gəlib deyir ki, bəs nəfsim çəkdi, dondurma yedim. Gərək bir az nəfsinə üstün gəlməyi bacarasan. Eləcə də həkimlər, əgər bildiklərinə əməl edirlərsə, onda o bilik onlar üçün əhəmiyyətlidir.
Tutaq ki, həkim var, 12 saat əməliyyatda olur. Belə həkimlərin damarlarında problem olma təhlükəsi də çoxdur. Onda belə çıxır ki, həkim özünü də tam qoruya bilmir. Yəni dediyim kimi, bilməkdən daha önəmlisi, mütəxəssis tövsiyələrinə əməl etmək və nəfsinə qalib gələ bilməkdir. İstər həkim olsun, istər olmasın”.
Bakı şəhəri, Ə. D. Məlikov adına 6 saylı Birləşmis Şəhər Xəstəxanasının Terapiya şöbəsinin müdiri Sevil Eyvazova: “Bəs necə? Həkimin birinci savadlı olması, ikincisi, həkim olması, təcrübəsi özünün işinə yarayır. Məsələn, haradasa, ağrı olduqda savadı, təcrübəsi kömək eləyir ki, özünə vaxtında diaqnoz qoysun, düzgün müayinələrdən keçsin, dəqiq müalicə aparılsın. Üstünlük bundadır”.
Mingəçevir Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinin müdiri Eldar Kərimov:
“Bir mahnıda deyildiyi kimi, “ataya da ata lazım olarmış”. Biz həkimlər çalışırıq ki, xəstələnməyək, xəstələndikdə də həmkarlarımıza müraciət edirik. Məsələn, mən bu günlərdə xəstələnmişdim. Analiz verdim, cavabında məlum oldu ki, elə də ciddi xəstəlik yoxdur. Özüm-özümə resept yazıb, müalicəyə başlamışam”.
Şirvan Şəhər Xəstəxanasının Vərəm şöbəsinin müdiri, həkim-pediatr Mübariz Yusifov:
“İnandığım həkimə müraciət edirəm. Hərənin öz ixtisası var. Düzdür, həkimin bütün sahələr üzrə informasiyası var. Buna görə mənə aid olan sahənin müalicəsini özüm edirəm. Elementar müayinələrlə əmələ gəlirsə, başqa həkimə müraciət etməyə ehtiyacım olmur”.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini, terapevt Vaqif Ələkbərov:
“Mən bütün həkimlərdən çox, özümə güvənirəm. Ailəmdə və ya dost-tanışlarım arasında nevroloji problem olsa, mənim sahəmə aid olmayan problem də olsa, bacardığım qədər onlara kömək edirəm. Mənim 60 yaşım var, indiyə qədər xəstələnməmişəm”.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Klinik diaqnostik laboratoriyasının şöbə müdiri Nağı Şəbiyev:
“Hər bir kəs öz-özünün həkimi olmalıdır. Biz həkim olduğumuza görə, müəyyən məsələləri özümüz də yoluna qoya bilirik. Profilaktik tədbirlər görürük. Ancaq ciddi xəstəlik olanda mütləq həmin sahəyə uyğun həkimə müraciət edirik”.
Veysəl Əliyev, stomatoloq:
“Dişlərə hər gün istisnasız olaraq qulluq etdiyim üçün elə bir çətinlik görmürəm. Əvvəlcədən profilaktik tədbirlər görürəm ki, sonradan sıxıntı olmasın. Bir dəfə dişimdə problem olub, onda da stomatoloq dostuma müraciət etmişəm”.
İlham Mütəllimov, kardioloq:
“Ümumiyyətlə, bunlar psixoloji məsələlərdir. Həkimin üstünlüyü xəstəliyə səbəb olacaq əlamətləri bilməsidir. Bunlara da riayət edərək, səhhətimizlə bağlı hər hansı bir narahatlığı aradan qaldırmağa çalışırıq. Hər hansı bir narahatlıq olanda həkim yoldaşlarıma da müraciət edirəm. Xəstələrimiz, adətən, səhhətlərində daha ciddi problemlər olandan sonra müraciət edirlər. Bu da yolverilməz haldır.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının terapevti Baba Babayev:
“Həkimlər xəstənin ümumi görünüşündən onun səhhəti ilə bağlı müəyyən məsələləri bilirlər. Sadəcə, dəqiqləşdirmək üçün analizlərlə, müəyyən aparatlarda yoxlamalardan sonra nəticələrlə problemləri dəqiqləşdirirlər. Məndə hər hansı bir narahatlıq olanda əlamətlərindən bildiyim üçün ona uyğun tədbir görürəm. Məsələn, bir dəfə ürəyimdə qəflətən ağrı oldu. Səbəbini bildiyim üçün ona uyğun dərman qəbul etdim. Özümü psixoloji cəhətdən də rahatlatdığım üçün yaranmış vəziyyətdə arxayın davrandım”.
Mənbə:Milli.Az