Dünyada geniş yayılmış meyvənin ən müxtəlif növləri məhz Azərbaycandadır
Qarşıdan meyvə-tərəvəzlə bol yay fəsli gəlir. Biz yalnız məhsuldar Azərbaycan torpağının bizə verdiyini yox, həm də onların məhz milli mətbəximizə uyğun hazırlanma reseptlərini təqdim edəcəyik. Oxuyun, tanış olun və həzz alın!
"An apple a day keeps the doctor away"
Bu ingilis məsəlinin tərsüməsi belədir: gündə bir alma, həkimi yada salma. Həqiqətən, də almanın müalicəvi təsirlərini uşaq da bilir. Amma rəngarəng, bədii təbiətə və demək olar ki, bütün iqlim zonalarına malik olan Azərbaycanda 300-dən artıq alma növünün yetişdiyini bilənlərin sayı, yəqin ki, o qədər də çox deyil. Alma... bundan sadə, amma eyni zamanda vacib nə ola bilər? O, dünyada ən geniş yayılmış meyvələrdən biridir. Alma sağlamlığa aşkar faydası ilə yanaşı, həm də əməlli-başlı mifik olması ilə məşhurdur - Cənnət bağında Həvvanın Adəmə hədiyyə etdiyi qadağan olunmuş meyvə, Peleyin ziyafətində nifaq salmış alma, itigözlü Vilhelm Tellin öz oxu ilə düz "almacığı" vura bilməsi ... yaxud Skandinaviya mifologiyasında olduğu kimi, əbədi cavanlıq rəmzi və ya yunan eposundakı bərəkət rəmzi. Almanın hədiyyə olunması sevgi etirafı kimi də qəbul olunurdu. Bu dadlı və qeyri-adi faydaya malik meyvə əsrlər boyu böyük şöhrətə malik olub! Müdriklər deyirlər ki, sağlamlıq və uzunömürlülük üçün insan doğma torpağında yetişmiş meyvə-tərəvəz qəbul etməlidir. Guya, doğma torpaqda yetişən meyvə-tərəvəz oranın sakini üçün daha faydalıdır. Üstəlik, onlar masamıza hansısa ölkədən gətirilən məhsullarla müqayisədə daha tər halda çatır. Artıq qeyd edildiyi kimi, Azərbaycanda 300-dək alma növü yetişdirilir! Onların 60-nın sənaye əhəmiyyəti var. Almanın əsas üstünlüyü onun uzun müddət saxlanıla bilməsidir. Azərbaycanda almalar az qala bütün il boyu yetişir (yaz istisna olmaqla). Tarixən Azərbaycanda bağçılığın böyük əhəmiyyəti olub. Bağın düzgün və ustalıqla salınması çox vacibdir. Bunun üçün Azərbaycanda ya adi şumluqdan, ya da meşə zonasındakı sahələrdən istifadə olunub. Eyni zamanda seçilmiş ərazinin kol və daşlardan təmizlənməsinə böyük əmək sərf olunub. Bağçılar ərazidəki yabanı bitkilərə toxunmur, sadəcə onlara calaq vururdular. Belə calaq "qələm", calaqlardan ibarət yabanı meyvə bağçası "qələmlik" adlanır. Bu cür seleksiya bizə qızıləhmədi, Şirvan gözəli, sini, bildirçin budu, kərbəlayi cəfər, vahidi, sarı turş, cır hacı və s. alma növləri qazandırıb. Azərbaycanda almaların şahı qızıləhmədi sayılır. Qeyri-adi dada malik bu alma nisbətən kiçik, parlaq qırmızı rəngdə olur. Bərk qabığı olan bu alma növünün gözəl ətri də var. Baxmayaraq ki, son vaxtlar ilanın Həvvanı, məhz, alma ilə yoldan çıxardığına şübhələr səslənir, amma istənilən halda, əgər doğrudan da, Cənnət bağında alma olubsa, bu, çox, güman ki, qızıləhmədi növü olub. Bu alma növünün tərkibində yüksək həddə dəmir olduğundan, o, uşaqlara, hamilə qadınlara, dəmir çatışmazlığından əziyyət çəkən şəxslərə xüsusilə faydalıdır. Bağçılıq vacib sənaye və ixrac əhəmiyyəti daşıdığından meyvələrin saxlanılmasına da daim xüsusi diqqət göstərilib. Almalar yük qatarları ilə Rusiyanın şəhərlərinə - Odessaya, Rostova və s. göndərilirdi. Onların yaxşı qalması üçün qurudulmadan da istifadə edilirdi. Bunun üçün (xüsusilə Quba-Xaçmaz zonasında və Ordubadda) ayrıca hazırlanmış təndirlərdən istifadə olunur, taxta qutulara yığılmış almalar həmin təndirlərdə saxlanılırdı. Quba rayonunda bəzən məhsul elə bağda, ayıdöşəyinin altında saxlanılırdı.
Fransız dadı
Azərbaycanda alma yetişdirilməsinə görə liderlik hər zaman Quba rayonuna məxsus olub. Ölkədə ən çox, o cümlədən ən müxtəlif növ almalar, məhz, Qubada yetişdirilir. 2008-ci ildə "Frazer" layihəsi çərçivəsində Quba Regional Elmi Aqrar Mərkəzində Fransadan gətirilmiş müxtəlif növ alma tingləri əkilib. Bu, 24 hektarlıq ərazini əhatə edir. Bundan başqa, təxminən, 5 hektarlıq ərazidə Fransa texnologiyası ilə pilot alma bağı salınıb. Nəticədə, artıq bir neçə ildir ağ ranet, reyn raneti, qolden delişes, fuci, qrenni smit, palmet kimi alma növlərini dada bilirik.
Nəsillərdən-nəsillərə
Almanın verdiyi xeyir həddindən artıq çoxdur. Nəzərə alsaq ki, Şimal yarımqütbündə alma ən çox yayılmış və sevilən, üstəlik, ən əlçatan meyvədir, demək, sağlamlığımız, uzunömürlülüyümüz öz əlimizdədir. Alma tərkibindəki vitaminlərə, mikroelementlərə görə ən balanslı meyvədir. Bu səbəbdən də, o, istənilən yaş həddində olan insana xeyirdir. Almada 5-24% arasında şəkər var: fruktozalar, saxarozalar, qlükozalar. Bundan başqa, onun tərkibində A, B1, PP, C vitaminləri, görmə qabiliyyəti üçün faydalı olan karotin, pektin və aşılayıcı maddələr var. Bu meyvənin tərkibində olan alma, limon, çaxır turşuları dişlərdə kariyesin əmələ gəlməsinə mane olur. 5-6 alma tumu yeməklə insan yoda olan sutkalıq tələbatını ödəyə bilər. Almanın turş növləri diabet xəstələri üçün faydalı sayılır. Şirin almalar ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə xeyirdir. Yeri gəlmişkən, qeyd edək ki, alma orqanizmə yalnız tər formada faydalı deyil. Ondan hazırlanmış çoxsaylı məhsullar - kompot, şirə və püre də orqanizmə böyük faydalar qazandırır. Körpələr üçün alma püresi əvəzolunmaz qidadır. Alma qurusundan isə ölkə tibbində çoxdan istifadə olunur. O, lifliliyi hesabına bağırsaqları təmizləyir, orqanizmdəki zəhərli maddələrin xaric olmasına kömək edir. Quru almanın üzərinə tökülmüş qaynar suyu içərisinə limon və darçın da əlavə edərək, çay formasında içmək xeyirdir. Hələ XVII əsrdə Məhəmməd Hüseyn xan Şirazi alma haqda yazırdı: "Yetişmiş, ətirli, şirin və ya turş dadlı meyvələr, şit dadlı meyvələrdən daha xeyirlidir. Bu meyvə xüsusilə taxikardiyası olan (ürəyi sürətlə döyünən) və nəfəs almada çətinlik çəkən insanlar üçün faydalıdır. Alma iştahı artırır, bağırsaqları təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, alma həyat tonusunu, gümrahlığı, əhvalı artırır. Xroniki əsəb problemlərindən əziyyət çəkən insanlar üçün yalnız almanı yemək deyil, onun ətrini qoxulamaq da xeyirdir. Alma beyinə müsbət təsir göstərir və onun fəaliyyətini artırır. Suda bişirilmiş alma isə quru öskürəyin dərmanıdır". Orta əsrlərdə yaşamış müəllif Məhəmməd Mömin yazırdı ki, almanın turş növləri sidikqovuculuq funksiyasına da malikdir və qan təzyiqinin aşağı salınmasına kömək edir. Beyin və ürək üçünsə alma çiçəyindən hazırlanmış mürəbbə məsləhət görülür. Turş almadan hazırlanmış qatı siropdan isə sidik kisəsindəki daşın çıxarılmasında istifadə olunur. Orta əsrlərdə yaşamış mütəfəkkir İbn Sina alma ağacının yarpaqlarının da faydalı olduğunu bildirirdi. O, deyirdi ki, irinli yaraların müalicəsində alma yarpaqları əvəzsizdir - onları yaranın üzərinə sarımaq lazımdır.
ALMA MÜRƏBBƏSİ
3-4 kq alma
4 kq şəkər
1 paket şəkərli vanil
darçın
limon turşusu
Almaları yuyun, qurudun, yarıya bölün, tumlarını çıxarın, təmizləyin. Dilimlərə doğrayın. Bundan sonra dərin boşqaba almanı cərgə ilə düzün, üzərinə şəkər səpin. 1,5 saat qalsın.
Daha sonra onu alovun üzərində 20 dəqiqə bişirin. Sonda içərisinə darçın, vanil və limon turşusu əlavə edin və qaynar halda bağlayın. Mürəbbənin hazır olub-olmadığını nəlbəkiyə damızdırmaqla yoxlamaq olar. Əgər damcı axmırsa, demək, hazırdır.
ALMA KOMPOTU
600-700 qram təzə alma
1,5 litr su
0,5-0,75 stəkan şəkər - zövqə görə
Seçmə almaları yaxşıca yuyun, 8 yerə bölün və təmizləyin. Daha sonra onları soyuq suya tökün və alovun üzərinə qoyun. Bir az şəkər əlavə edin. Kompot qaynara düşdükdə şəkərin hamısını əlavə edin, qarışdırın və yenidən alovun üzərinə qoyun. Vitaminlərin ölməməsi üçün meyvə və giləmeyvələri lazımından artıq qaynatmayın. Hazır kompotu 20 dəqiqə "dincə" qoyun, qaba tökərək soyudun.
Nuş olsun!
Mənbə:Milli.Az