Milli.Az EL TV-yə istinadən bildirir ki, ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Mingəçevirdə silsilə tədbirlər təşkil edilib. İlk olaraq, şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimayyət nümayəndələri ulu öndərin abidəsi önünə gələrək, önünə tər güllər düzüblər. Sonra tədbir iştirakçıları əsaslı təmir edilən 10 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Bildirək ki, məktəb 900 şagird yerlikdir. Əsaslı təmir olunan təhsil ocağının sinif otaqlarında, fənn kabinələrində və laboratoriyalarda hər cür şərait yaradılıb. Məktəb zəruri avadanlıqlarla təmin olunub. Əsaslı şəkildə təmir-bərpa edilən 10 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait də razılıqla qarşılanıb. Tərbiyə müəssisəsinin musiqi və idman zalı müasir standartlara tam cavab verir. Uşaqların daha səmərəli istirahəti üçün bağçada müasir hovuz da inşa olunub. Daha sonra şəhərdə özəl təlim-tərbiyə müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Əsaslı təmir olunan “Güllü bağ” istirahət parkına baş çəkilib. Uzun müddət baxımsızlıq səbəbindən yararsız halda qalan bu ərazidə əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün oturacaqlar və fəvvarə quraşdırılıb, yaşıllıqlar salınıb. Ardınca tədbir iştirakçıları Müşfiq Mirzəyev adına “Dostluq” parkında təşkil olunan Gül bayramına qatılıblar. Şəhərin ali və orta məktəblərinin, idarə və müəssisə nümayəndələrinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar nümayiş olunub. Ümummilli liderin güllərlə bəzədilmiş portreti və digər kompozisiyalar hər kəsin marağına səbəb olub. Uşaq Yaradıcılıq Mərkəzinin təqdim etdiyi musiqi nümunələri maraqla qarşılanıb. Mingəçevirdə bayram tədbirləri yerli incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.