Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Muhəmməd Peyğəmbər (s) möhürlü peyğəmbərlik üzüyündən başqa, əqiq qaşlı üzük də taxır və müsəlmanlara bunu tövsiyə edirdi. O həzrət buyururdu ki, əqiq qaşlı üzük taxmağı ona Cəbrail (ə) məsləhət görüb. Peyğəmbər buyurub: “Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən uzaq olarsınız”. İmamlardan rəvayət edilən hədislərdə əqiq qaşlı üzüyün insanı qəfil ölümdən, haqsız cəzadan, oğurluqdan qoruduğu bildirilir. Din alimləri də namaz qılan zaman əqiq qaşlı üzük taxmağı müstəhəb bilirlər. Çünki Həzrət Sadiq (ə) buyurub: “Allah dua zamanı dərgahına o əlin qaldırılmasını xoşlayır ki, barmağında əqiq qaşlı üzük olsun”. Rəvayətə görə, Həzrət Əlinin (ə) üzüklərindən birinin qaşı qırmızı əqiqdən imiş; həzrət onu şərdən amanda qalmaq üçün barmağına taxardı. Qaşı firuzə olan digər üzükdən isə qələbə və zəfər niyyəti ilə istifadə edərdi.