Qadin.NET / Müəllimlərə sürpriz

Müəllimlərə sürpriz

 

Müəllimlərə sürpriz

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsinin həyata keçirilməsi üçün yeni mexanizm hazırlayıb.  Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası təhsil nazirinin 21.04.2014-cü il tarixli 445 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu ilə əlaqədar qaydalarda hazırda təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsinin həyata keçirilməsi üzrə də yeni mexanizmlər nəzərdə tutulub.  Nazirlikdən bildiriblər ki, daimi əsaslarla işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi təhsil müəssisəsinin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçiriləcək. İş yerini bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər isə Təhsil Nazirliyinə müraciət etməli olacaqlar. Həmin müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.  Müsabiqədə iştirak etmək istəyən müəllimlər üçün xüsusi tələblər irəli sürülməsə də, bu proses zamanı onların peşə kompetensiyaları, pedaqoji fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri və peşəkar inkişafı xüsusi qaydada qiymətləndiriləcək.  Müsabiqənin sonrakı illərdə də bu formada keçirilməsi nəzərdə tutulur. Lakin gələcəkdə dəyişən reallıqlara müvafiq olaraq bu qaydalarda dəyişikliklərin olması ehtimalı hər zaman mövcuddur.

Mənbə:Anspress.com

 

10 may 2014
GO BACK