Huawei şirkəti Parisdə keçirilmiş tədbirdə 6,5 mm qalınlığında Ascend P7 smartfonunu nümayiş etdirib. Arxa qapaq alüminiumdan işlənib və qoruyucu şüşə ilə örtülüb. P7 smartfonu Full HD (1920x1080 nöqtə) təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib. Əsas kamera 13 meqapiksellik, ön kamera isə 8 meqapiksellik təsvir ölçüsünə malikdir. Ən populyar smartfon istehsalçıları adətən ön paneldə 2 meqapiksellik kamera ilə məhdudlaşdırlar, amma Huawei şirkəti selfi dəbini nəzərə alıb. Çəkilmiş şəkillərə xüsusi effektləri əlavə etmək olar. Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 1.8 QHs takt tezliyində işləyən dördnüvəli Kirin910 Pro prosessoru ilə işləyir. Əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş 16 QB təşkil edir. MicroSD slotu vasitəsilə daxili yaddaşı artırmaq mümkündür. Ascend P7 smartfonu dördüncü nəsil LTE şəbəkəsini, NFC məlumatların kontaktsız ötürülməsi texnologiyasını, həmçinin Wi-Fi və Bluetooth rabitə modullarını dəstəkləyir. Aparata Android 4.4.2 (KitKat) mobil əməliyyat sistemi quraşdırılıb. İnformasiyanın təsviri üçün EmotionID 2.3 və Simple qrafik örtüklərindən istifadə olunur. Birinci örtük Androidin adi interfeysinə oxşardır, amma daha parlaq ikonkalara malikdir. İkinci örtük qismən Windows Phone ƏSnin dizaynını xatırladır. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saatdır.