Bakalavriat səviyyəsi üzrə bütün ixtisaslar, o cümlədən təhsil ixtisasları qrupuna daxil olan müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları hazırlanır. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, həmin proqramlar 2014-2015-ci tədris ilindən tətbiq ediləcək. Əvvəlki proqramlardan fərqli olaraq yeni proqramlarda ümumtəhsil məktəblərinin proqramlarına müvafiq olaraq fənlər üzrə kurikulumun öyrədilməsi, eləcə də tələbələrin auditoriya yükünün azaldılması və bunun hesabına sərbəst işin artırılması nəzərdə tutulur. Nazirlikdən həmçinin bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas hədəflərdən biri kimi təhsil verənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, o cümlədən müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi qeyd olunub. Yeni sistemin tətbiqi üçün ilk növbədə beynəlxalq təcrübəyə əsaslanan normativ hüquqi sənədlər hazırlanmalıdır. Bu sənədlər hazırlandıqdan sonra internatura modelinə dair ətraflı məlumatlar ictimaiyyətə çatdırılacaq.
Mənbə:Milli.Az