Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA-nın Gəncə bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını özündə birləşdirən veb-sayt hazırlanıb. Yaxınlarda istifadəyə veriləcək 3w.mirzashafi.az saytı 7 bölmədən ibarətdir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, burada Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, onun hikmətli sözləri, xələfləri və sələfləri haqqında məlumatlar yerləşdirilib. Eyni zamanda sayta daxil olaraq, şairin ana yurdu olan Gəncə, həmçinin onun yaratdığı "Divani-hikmət" məclisi haqda məlumat əldə etmək olar. Saytın ana səhifəsində dahilərin Gəncəli müdrik haqqında dediyi sözlər, biblioqrafiya bölməsində isə Vazeh haqqında yazılan kitab və monoqrafiyalar barədə qısa məlumat yer alır. Musiqi bölməsində isə dahi şairin şeirlərinə bəstələnən musiqilərin notları yerləşdirilib ki, istəyən sayta daxil olaraq bu haqda da ətraflı məlumat ala bilər.
Samir Pişnamazzadə, AMEA-nın Gəncə bölməsinin akademik katibinin müavini: "Biz ora Mirzə Şəfinin əlyazmalarını yerləşdiririk. Elə əsərlər, elə eksponatlar qoyuruq ki, alimlər, elmi iş işləyənlər, doktorantlar, dissertantlar, tələbələr müraciət etsinlər və nəticədə də Mirzə Şəfi haqqında məlumat əldə edə bilsinlər". Hazırda sayt və orada yerləşdirilən məlumatların tərcümə olunması istiqamətində işlər həyata keçirilir. Belə ki, gələcəkdə sayt Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində də fəaliyyət göstərərək dünyanın hər yerində Mirzə Şəfi Vazehin yaradıcılığını sənətsevərlərə çatdıracaq.