Qadin.NET / Panasonic televizor istehsalını azaldır

Panasonic televizor istehsalını azaldır

 

Yaponiyanın elektronika istehsalçısı Panasonic şirkəti televizor biznesini optimallaşdırmaq və itkiləri azaltmaq məqsədilə öz müəssisələrində televizor buraxılışının həcmini azaldır. Şirkətin planları barədə Nikkei biznes nəşri məlumat verib. Milli.Az ICTnews-a istinadən bildirir ki, Panasonic əsasən ABŞ bazarı üçün televizorların yığıldığı Meksikada yerləşən zavodunda istehsal həcmini aşağı salıb. Bu zavodda həmçinin işçilərin ixtisarı həyata keçiriləcək. Əvvəllər plazma televizorların buraxılışı ilə məşğul olan Tailand müəssisəsi avtomobil komponentləri istehsal edəcək. Gələcəkdə Panasonic markalı televizorların istehsalı Malayziya, Çexiya və Yaponiyada yerləşən üç zavodda cəmləşəcək. Bu zavodlarda 4K təsvir ölçüsünü dəstəkləyən modellərin buraxılışının artırılması planlaşdırılır. Ötən il Yaponiya şirkəti televizor istehsalının yalnız 10 faizini kənar resurslardan istifadə etməklə həyata keçirib. Hazırda bu göstərici 30 faizədək artırılıb və gələcəkdə daha da artırılması gözlənilir. 2015-ci ilin martınadək davam edəcək cari maliyyə ilinin yekunları üzrə Panasonic televizor satışından 4 faizlik mədaxil artımı (376,2 milyard yen) ilə 2,6 milyard yen (25,1 milyon dollar) əməliyyat itkisi ilə üzləşəcəyini proqnozlaşdırır. İstehsalçı televizor biznesini artıq növbəti maliyyə ilində itkisiz səviyyəyə çıxarmağı planlaşdırır. Digər şirkətlər də televizor buraxılışını kənar istehsalçılara etibar edir. Belə ki, Toshiba və Sony şirkətləri televizor qurğularının yalnız 30 faizini müstəqil şəkildə yığır.

 Mənbə:Milli.Az

 

8 may 2014
GO BACK