Azərbaycanda ədəmiyyətli dərəcədə idxaldan asılılıq əsasən taxıl, bitki yağları, süd və balıq məhsulları üzrədir. Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Heydər Əliyev və yeni cəmiyyət modeli" konfransına təqdim etdiyi məqalədə öz əksini tapıb. E.İbrahimov hesab edir ki, ölkədə idxaldan asılılıq bir çox məhsullar üzrə aradan qaldırılıb. Əhəmiyyətli dərəcədə idxaldan asılılıq isə əsasən taxıl üzrə 35,7%, bitki yağları üzrə 78,5%, süd və süd məhsulları üzrə 27,2%, balıq və balıq məhsulları üzrə 27,9% olub: "Bu onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il fevralın 5-də keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda və əvvəlki çıxışları zamanı "Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir" barədə tapşırdığı vəzifə hələ tam həllini tapmayıb". Onun sözlərinə görə, Azərbaycanda əhalinin sürətli artımı ilə yanaşı, kənd təsərrüfatı məhsullarının da istehsalında hər il orta hesabla 5-7 faiz artımı əldə olunur və bunlar arasındakı tarazlıq təmin edilir.
Mənbə:Trend.az