Qadin.NET / Xaricdə iş təklif edirlərsə, tələsməyin

Xaricdə iş təklif edirlərsə, tələsməyin

 

“Azərbaycan vətəndaşlarının aldadılaraq işləmək üçün xarici ölkələrə aparılıb, istismar olunmaları faktlarına rast gəlinir. Hüquq-mühafizə orqanları belə faktların aşkarlanması istiqamətində tədbirlər həyata keçirsə də, bu sahədə əhali arasında maarifləndirmənin səviyyəsi aşağı olduğundan yüksək qazanc vədlərinə aldanaraq xarici dövlətlərə üz tutan və istismar olunan vətəndaşlarımız var”. Bu fikirlər Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətindən qəzetimizə verilən məlumatda yer alıb. Mərkəz bildirir ki, iş təklifi alanlar tələsməməlidirlər: “İş təklifini dəyərləndirmək üçün, ilk növbədə, sizi işə dəvət edən firma, onun fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparın, həmin firmanın xaricdə işə düzəltmə üçün xüsusi icazəsinin - lisenziyasının olub-olmaması ilə maraqlanın. Qanunvericiliyin bu sahədə sizin üçün yaratdığı imkanlardan yararlanın”. 

Qanunvericiliklə xaricdə işləmək arzusunda olanlara verilmiş hüquqlar barədə məlumat verən şirkətin hüquq məsləhətçisi Elnur Əliyev deyir ki, Miqrasiya Məcəlləsi və digər normativ hüquqi aktlarda bu məsələni tənzimləyən normalar yer alıb: “Azərbaycan qanunvericiliyi 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına icazə verir. 
Qanunvericiliyin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. Hər kəs bilməlidir ki, qanun Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində fiziki şəxslərin vasitəçilik fəaliyyətini qadağan edir”.  
“Əməkçi miqrantlardan haqq almalarına yol verilmir” 
Hüquq məsləhətçisi Elnur Əliyevin dediyinə görə, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər: “Lakin hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar. Belə bir fəaliyyət üçün xüsusi razılıq almış hüquqi şəxslər, xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları və ƏƏSMN tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan Respublikasının vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Həmin müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara uyğun şəkildə təmin olunması nəzərdə tutulmalıdır. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xaricə işləmək üçün gedən vətəndaşa Azərbaycanı tərk etməzdən əvvəl əmək müqaviləsinin çatdırılmasını təmin etməlidirlər. Həmin hüquqi şəxslərin göstərdikləri xidmətə görə əməkçi miqrantlardan haqq almalarına yol verilmir”.
 
E.Əliyevin dediyinə görə, vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər”.  
“Məsuliyyət daşıyırlar” 
Hüquqşünasın sözlərinə görə, Azərbaycan vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Əgər həmin ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu yoxdursa, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Xarici İşlər Nazirliyinə göndərməlidirlər. 
O deyib ki, xarici ölkələrdə işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınmasını, bununla bağlı elan və reklamların verilməsini də yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər: “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”. 
Hüquqşünasın dediklərindən də aydın olduğu kimi, əgər sizə xarici ölkələrin birində iş təklif edilirsə, amma bu təklifi verənlər qanunverciliyimizin sözügedən tələblərinə əməl etmirlərsə, onda aldanmayın. Əks təqdirdə, iş tapmaq istəyərkən başınıza iş açmayın. Məsələn, insan alveri ilə məşğul olanların tələsinə düşə bilərsiniz. 
 Hər hansı şikayət varsa, dərhal məlumat verilməlidir... 
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da bu məsələdə maarifləndirmə işlərinin vacib olduğunu söyləyir: “Maarifləndirmə vacibdir. Amma bu halda, yəni potensial qurban vəziyyətində olanlar üçün tək maarifləndirmə yetmir. Biz həm də məsələni çox vaxt o cür qabardırıq. Söhbət əvvəlcədən tədbir görməklə problemin səviyyəsini azaltmaqdan gedir. Təbii ki, insan alveri transmilli cinayətdir və demək olmaz ki, kökünü tamamilə kəsmək, qarşısını tam almaq olar. Bu, bir formadan başqa bir formaya da keçə bilər. İnsan alverçiləri daim gəlir götürməkdən ötrü, belə deyək, cəmiyyətdə boş olan sahələri öyrənir və oradan qazanc götürməyə çalışırlar. O ki qaldı hüquq-mühafizə orqanlarına - baş vermiş istənilən belə bir hadisə ilə bağlı əgər hər hansı şikayət varsa, dərhal məlumat verilməlidir”. 
Mehriban Zeynalova bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, Azərbaycan Respublikasında insan alveri cinayətlərinin hər hansı bir polis idarəsində təhqiqatının aparılması qəti qadağan edilib: “Bu, xüsusi polis qurumunda aparılmalıdır və şəxs heç bir polis idarəsində sorğu-sual edilmədən 24 saat ərzində xüsusi polis idarəsinə çatdırılmalıdır
Mənbə:Milli.Az

 

8 may 2014
GO BACK