Qadin.NET / Sevgini paylaşın ki, evinizə bərəkət gəlsin

Sevgini paylaşın ki, evinizə bərəkət gəlsin

 

Qapını açıb içəri girən kimi bir canlanma görürsən. Hər kəs yerindən qalxır və təbəssüm dolu çöhrəsiylə sənə “xoş gəldin!” eləyir. Sənin gəlişinlə hər kəsin çöhrəsinə sevinc qonub, hər kəs sənə olan sevgisini, ehtiramını nümayiş etdirmək üçün fürsət axtarır. Elə bil ki, illərin ayrılığından, uzaqdan-uzaq bir səfərdən dönmüsən. Halbuki hər gün səhər getdiyin işindən dönmüsən və bu mənzərə hər axşam təkrarlanır.Kim istəməz ki, evə gəlişi toy-bayram olmasın; kim istəməz ki, sözü eşidilməsin, hörməti saxlanılmasın; kim istəməz ki, ağrıyanda başına pərvanə kimi dolanmasınlar; kim istəməz ki, dörd tərəfdən sevgi ilə, qayğı ilə əhatə olunmasın...

 Əlbəttə, hər kəs istəyər. Əslində bu istədiklərimiz tam bir ailə səadətidir, sevgi atmosferidir.Amma bu səadəti qazanmaq üçün öz ətrafına, ən yaxın çevrənə lazım olan səmimiyyəti, fədakarlığı göstərməyi də bacarmalısan. Sevgi uman, fədakarlıq gözləyən gərək öz ətrafını, bunlara layiq olduğuna inandırsın.Sən başqalarından umduğun kimi, başqaları da səndən umur. Eyni münasibət ailədaxili münasibətlər üçün də keçərlidir. Ən yaxın adamlar arasında belə, umu-küsü, təmənna olmadığını iddia etmək qeyri-səmimi səslənir. 
Evə gəlirsən, işin yorğunluğunu atmaq üçün özünü kresloya yıxıb televizoru açırsan. Çay istəyirsən, iki dəqiqə keçməmiş hazır olur. Çay içə-içə kanalları çevirirsən, xoşuna gələn veriliş axtarırsan. Amma heç düşünmürsən ki, sən gələnə qədər evdəkilər hansısa maraqlı bir verilişə baxırdılar, indi də çox istəyirlər ki, sən pultu onlara verib özünə başqa istirahət tapasan.Bəlkə də zahirən adi görünən bu mənzərə, yəni kimin hansı kanala baxması məsələsi əksər hallarda narazılığa səbəb olur. Bu məsələdə böyüklərin güzəştə getməsi ən doğru seçimdir, amma kiçiklərin də nəyə baxdıqlarına göz yummaq olmaz.Evdə sakitlikdir, nə yola saldığı iş günündən danışan var, nə də başqalarından bir şey soruşan. Hər kəs öz fikirləri ilə, öz problemləri ilə məşğuldur. Elə bil, hər kəs öz hisslərini, fikir və düşüncələrini iş yerində, küçədə, həyətdə qoyub evə gəlib. Ailə- fərdlərin bir-birini darıxdırdığı yer deyil, hər kəsin bir-biri üçün darıxdığı yerdir.Ailədə beş nəfərsiniz, amma nə süfrə ətrafında, nə televizor qarşısında oturanda hal-əhval tutursunuz. Elə bil tamam başqa, yad adamlarsınız. Kimsə kimsənin dərd-səri ilə maraqlanmır, kimsə kimsənin köməyə ehtiyacı olub-olmadığını soruşmur. Əlbəttə, bu şəraitdə hansısa səmimiyyətdən, qayğıdan, fədakarlıqdan danışmaq yersizdir.Ailə dediyin - sevgi yuvası olmalıdır, burada hər şey sevgi, fədakarlıq müstəvisində öz həllini tapmalıdır. Ailə - iş yeri deyil ki, hər kəs öz vəzifəsini, borcunu yerinə yetirib kənara çəkilsin. Ailə - hər şeyin göründüyündən daha çox məna daşıdığı ünvandır və bu ünvanda hər şeyi bərəkətləndirən, gözəlləşdirən fərdlərin qarşılıqlı sevgisi, fədakarlığıdır.Fədakarlıq təkcə əlində-ovcunda olanı paylaşmaq deyil, həm də ürəyindəkiləri paylaşmaqdır, ailə üzvlərini stresdən, narahatlıqdan qorumaqdır, qayğıdan qurtarmaqdır. Əgər evdəkilərin ovqatının xoş olmasını istəyirsinizsə, bütün ağrı-acılarını, sıxıntılarını mənzilin astanasında paltar kimi soyunub, ən xoş, qayğısız görüntünlə içəri girməlisən.Adam var, evin yükünü işə daşıyır, adam var işin yükünü evə. Onsuz da son dövrlər daha çox əsəb gərginliyinin, stresin, həyəcanın yüksəkliyi ilə xarakterizə olunur. Statistikaya baxsanız, son illərdə insanların ən çox stresdən törəyən problemlərdən əziyyət çəkdiyinin şahidi olarsınız. Ona görə də ailə fərdlərini bu bəladan qorumaq fədakarlıqdır.Soyuducunun altı çürüyüb, su axıdır, döşəmə islanır, yenisini almaq üçün də hələlik imkan yoxdur. Əgər qadın qalmaqala meyillidirsə, ömür-gün yoldaşının imkanlarını nəzərə almırsa, səhhətini düşünmürsə, demək, onun üçün çox gözəl bir stres qaynağı var. Səhər-axşam mətbəxə keçib orada deyinəcək, birbaşa deməsə də, dolayısı ilə kişiyə tənəli sözlər eşitdirəcək. Kişi də mətbəxdən eşitdiklərini həzm edə bilməsə, ya kiminsə üstünə gedəcək, borc istəyəcək ki, bu dolayılı tənələrdən canını qurtarsın, ya da öz evində günləri, həftələri zəhərə dönəcək.Əgər ailədə bir ehtiyac, mühüm bir problem varsa, hər şeyi qarşılıqlı anlaşma yolu ilə həll etmək mühüm şərtdir. Qayğıların paylaşılması, problemlərin həlli, ilk növbədə, şəffaflığı qaçılmaz hala gətirir. Əgər kişinin öz büdcəsi, qadının da xüsusi hesabı varsa və tərəflər bir-birinin imkanlarından xəbərsizdirsə, orada narazılığın, söz-söhbətin meydana çıxması qaçılmazdır. Amma hər şey ortada olanda, ailənin aylıq büdcəsi birlikdə hesablananda bu cür qanqaraldıcı hallara da yer qalmır. Birlikdə qərar verilir və hər kəs də bu qərarın məsuliyyətinə ortaq olur, kimsə kimsəni ittiham edə bilmir.Səhər və axşam ailənin süfrə başında yığışması əslində yeməkdən daha çox sevginin, səmimiyyətin nümayiş etdirilməsi, ailə üzvlərinin bir-birinin qayğısına qalması üçün misilsiz fürsətdir. Xüsusilə də axşam yeməyi.Evdə dəyişməyən qanun var. Hər kəs süfrə başına əyləşdikdən sonra yemək çəkilməyə başlayır. Hər kəs də yemək saatında süfrədə öz yerində olmağa tələsir ki, başqalarını gözlətməsin. Evin böyüyünün “Bismillah” deyib əlini süfrəyə uzatmasıyla “başla” komandası verilmiş olur. Bu da bir nizamın, tərbiyənin görüntüsü. Amma yemək prosesində bəzi xoş jestlərə də fürsət tapılır. Bir də görürsən ki, ana bir qabda iri, ətli bir tikə gətirib böyük oğlunun qabına goyur. Əslində elə atanın da istədiyi budur, amma nazlanmağı da unutmur: “çömçə mənim anamın əlində olsaydı, onda bu tikə mənim qabağıma gələrdi”. Böyük oğul da ananın bu “jesti” qarşısında ona öz sevgisini bir öpücüklə ifadə edir. Bu kiçik epizodda hər şey sevgi, səmimiyyət qoxuyur, kimsə kimsəni qısqanmır. Arada bir ana fürsət tapıb ailə başçısının da qabına kiçicik bir sürpriz əlavə edə bilir. İndi də uşaqların sataşması üçün fürsət ələ düşüb: “yenə ürəyi dözmədi...”Evin kiçik qızı xəstələnib. Hər kəsin fikri, diqqəti onun yanındadır. Alnını ovan kim, aptekə qaçan kim, yemək gətirən kim... Zahirən bəla kimi görünən bu xəstəlik əslində ailəyə sevgi atmosferi gətirib. Hər kəs əlindən gələni eləməyə çalışır.Sevgi dediyin də budur, qayğı dediyin də, ailə dediyin də... Ailədə xoşbəxtlik, səmimiyyət o zaman hakim olur ki, hər kəs bir-birini düşünür, hər kəs digər ailə üzvlərinin xoşbəxtliyi, rahatlığı, sağlamlığı üçün hər cür fədakarlığa hazır olur.Söz var: “xoşbəxtlik paylaşıldıqca çoxalır, ağrı-acı paylaşıldıqca azalır”. İnsan biləndə ki, onun ağrılarını paylaşmağa hazır olan doğmaları var, bu duyğu, bu düşüncə ona yeni bir güc mənbəyi, dözüm qaynağı olur.Ata illərdən bəridir ki, qışı eyni paltoda qarşılayıb yola salır, hər yaz gələndə də o paltodan bir daha görüşməyəcəkmiş kimi ayrılır. Amma yay ötüb, payız qurtarıb qış başlayanda yenə gözlər o nimdaş paltara dikilir. Amma bircə dəfə də dilinə gətirmir ki, gərək özümə palto alım. Çünki övladların daha gözəl geyinməsini istəyir. İstəmir ki, onun balaları kimlərdənsə əskik görünsünlər.Qəhrəmanlıq təkcə sərhəd basıb ordu dağıtmaq deyil ki, bu da qəhrəmanlıqdır. Övladlarının, ailəsinin rahatlığını düşünmək və bunun müqabilində çox şeyindən imtina edə bilmək böyüklükdür, fədakarlıqdır. Böyüklük hər şeydən yuxarı durmaq deyil, sevdiklərinin məmnunluğu üçün öz haqqından imtina edə bilməkdir.Biz ailəni belə görmüşük, belə tanımışıq. Sevgi atmosferinin hakim olduğu ailələrdə kasıblıq belə o qədər də hiss olunmur. Ailə - geyməyib geydirmək, yeməyib yedirmək fədakarlığıdır bizim nəzərimizdə. Ailənizə də, könlünüzə də sevgi, fədakarlıq atmosferi hakim olsun! Paylaşın ki, eviniz də, könlünüz də bərəkət tapsın.
Mənbə:Milli.Az
8 may 2014
GO BACK