Avtomobilləri hansı hallarda cərimə meydançasına aparmaq olar? Milli.Az xəbər verir ki, belə bir sualı Day.Az saytına məktub göndərən oxucu verib. "Tutaq ki, maşının sahibi yox, sadəcə sürücü qayda pozuntusuna yol verib. Həmin vaxt isə maşının sahibi salonda olub. Həmin sürücü bir neçə ay cəriməni ödəmədikdə maşına həbs qoyub cərimə meydançasına apara bilərlərmi"? Saytın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, yol hərəkəti qaydaları pozulan zaman sükan arxasında olan sürücü barəsində inzibati protokol tərtib edilir. Bu zaman cəriməni avtomobilin sahibi yox, sürücü ödəyir. Hər bir halda məsuliyyət avtomobili sürən adamın üzərinə düşür. Yol Hərəkəti Qaydalarının 85-1-ci maddəsinə əsasən, cərimə 2 ay müddətində ödənilməzsə, məhkəmə və icra hakimiyyəti orqanı məhz həmin nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. 3 ay ərzində ödənilmədikdə isə, həmin şəxsin sürücülük hüquqları məhdudlaşdırılır. Cərimə məcburi icraya göndərilir. Qayda pozmuş sürücü cərimə məbləğini 30 iş günü ərzində ödəməlidir. Əgər barəsində protokol tərtib edilmiş şəxs cəriməni 3 iş günü ərzində ödəyirsə, məbləğin 10%-i azalır. 30 iş günü ərzində ödənilmədikdə isə hər əlavə iş gününə görə cərimə məbləğinin 2%-i miqdarında dəbbə pulu gəlir.
Mənbə:Milli.Az