Qadin.NET / Növbəti sammit Bakıda olacaq

Növbəti sammit Bakıda olacaq

 

Növbəti sammit Bakıda olacaq

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Tiflisdə toplaşaraq bir çox siyasi məsələləri müzakirə ediblər.  ANS TV-nin məlumatına görə, dövlət başçılarının dünya üçün maraqlı mesajları da məhz burda səslənib. Tiflis zirvəsi Azərbaycan-Gürcüstan və Türkiyə liderinin 7 ildən sonra ilk görüşü idi. Sonuncu dəfə bu dövlətlərin başçıları 2007-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimində bir araya gəlmişdilər. Təşəbbüskarı Türkiyə prezidenti Abdulla Gül olan 3 tərəfli sammit Tiflisin Milli kitabxanasında başladı. Prezidentlər əvvəlcə xatirə şəkli çəkdirdilər. Kameralara birlik mesajı verən İlham Əliyev, Abdulla Gül və Georgi Marqelaşvili çıxışlarında da həmrəylik məsələsini xüsusi qeyd etdilər. 3 ölkənin böyük tarixi dostluq ənənələrini icra olunan iqtisadi layihələr nəinki möhkəmləndirir, hətta bu dövlətləri dünya üçün əhəmiyyətini artırır. Liderlərin çıxışında əsas xətti belə ifadə etmək olar. Daha sonra keçirilən ikitərəfli və 3 tərəfli görüşlərdən sonra prezidentlər mətbuata açıqlama veriblər. Həmkarlarına təşəkkür edən ev sahibi, Gürcüstan prezidenti Georgi Marqelaşvili onların səylərinin artıq bəhrəsini verdiyini vurğuladı. Gürcüstan Prezidenti Georgi Marqelaşvilinin sözlərinə görə, biz öz tərəfdaşlığımızın nəticələrini görürük: “Bizim bu gün icra etdiyimiz layihələr ölkələrimizi, xalqlarımızı, eləcə də Xəzər, Qara və Aralıq dənizlərini birləşdirir. Bütün bunlar regionumuzun sabitliyinə xidmət edir. Çünki ölkələrimiz sabitliyin saxlanmasında maraqlıdır. Hər bir tərəf əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Bu, bizim iradəmizdir, bu, bizim istəyimizdir.” Türkiyə prezidenti isə həmkarları ilə müzakirə olunan regional məsələləri diqqətə çatdırdı. Həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyən Abdulla Gül həmkarları ilə Ukraynada baş verənlərə laqeyd qalmadıqlarını bildirdi.
Türkiyə Prezidenti Abdulla Gül deyir ki, Ukraynadakı böhranı da görüşlərimizdə müzakirə etdik: “Böhranın bölgəmizdə təhlükəsizlik və sabitliyə təsir etməsi məsələsində həmfikirik. Böhrana Ukraynanın ərazi bütövlüyü çərçivəsində bir həll yolu tapılması vacibdir. Ölkədəki konstitusiya islahatı ölkənin şərqi və qərbi də daxil olmaqla hər yeri əhatə etməlidir".  Azərbaycan prezidenti İlham Əliyev rəsmi Bakı, Ankara və Tiflisin həyata keçirdiyi Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi layihələrin artıq regional çərçivədən çıxıb, qlobal miqyas aldığını qeyd etdi. Gələcəkdə icra olunacaq layihələr isə dünya üçün daha çox şey vəd edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyilə bağlı olan məsələlər, bu gün dünya miqyasında ən önəmli məsələlər kimi tanınır və dünya gündəliyinin demək olar ki, birinci yerindədir: “3 ölkə öz enerji təhlükəsizliyini demək olar ki, tam şəkildə təmin edib. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu gün burda icra olunan layihələr, danışıqlar dünya üçün, Avropa üçün əhəmiyyət daşıyır". İlham Əliyev 3 tərəfli sammitin bir ənənə halını almasını və növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsini təklif etdi.  Xatırladaq ki, Gürcüstana işgüzar səfəri çərçivəsində Azərbaycan prezidenti Heydər Əliyevin abidəsini də ziyarət edib. Həmçinin bir sıra obyektlərə də baş çəkib.

Mənbə:Anspress.com

 

7 may 2014
GO BACK