Azərbaycanda “İcbari tibbi-sığorta haqqında” qanun qəbul olunsa da, bir sira obyektiv səbəblərdən hələ də bu qanun icra olunmur. ANS TV-nin məlumatına görə, artıq bu məsələ üzərində iş aparilir. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda aparılan işlərin nəticəsində “İcbari tibbi-sığorta”nı tətbiq etmək mümkün olacaq.
Baş nazirin müavini Əli Əhmədov deyir ki, prinsip etibarı ilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir: “Ona görə də, bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır. “İcbari tibbi-sığorta”nın tətbiqi üçün çox iş görmək lazımdır. Həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşdirmə modellərinin seçilməsi, həm də səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına əhali və həkimlər hazırlanmalıdır. Bu işlər hamısı ardıcıl şəkildə həyata keçiriləcək. Güman edirəm ki, biz bunu Azərbaycanda yaxşı şəkildə həyata keçirəcəyik”.