Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar. ANS PRESS-in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə iki layihənin təqdimatının keçirildiyini bildirib.
Diqqətə çatdırılıb ki, artıq uzun illərdir dostluq münasibətimizin olduğu, Azərbaycan incəsənətinin xaricdə təbliği sahəsində ölkəmizin səfirinə çevrilmiş, tanınmış heykəltəraş Lorens Cenkellin təqdim edilən fərdi sərgisində qeyri-adiliyi ilə fərqlənən və müxtəlif dövlətlərin bayraqlarını özündə təcəssüm etdirən heykəllər nümayiş olunur. Mərkəzin direktoru Anar Ələkbərov fransız rəssamı və heykəltəraşı Lorens Cenkellə və sərginin kuratoruna dərin təşəkkürünü bildirib, bir neçə ay davam edəcək bu sərginin paytaxtımızın sakinləri və şəhərimizin qonaqları üçün çox maraqlı olacağını deyib. Diqqətə çatdırılıb ki, Mərkəzdə, həmçinin Heydər Əliyev Fondunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “Qız Qalası” V Beynəlxalq incəsənət festivalının təqdimat mərasimi keçirilir. Artıq ənənəyə çevrilmiş festivalda bu il 26 ölkədən 28 rəssam təmsil olunur. Festival çərçivəsində xüsusi təqdimatlar olacaq və mayın 9-da bağlanış mərasimi keçiriləcək. Mərasimdə çıxış edən Lorens Cenkell Bakıda olmağından və burada qarşılaşdığı qonaqpərvərlikdən çox məmnun qaldığını bildirib. Paytaxtımıza artıq ikinci dəfə gəldiyini deyən qonaq Azərbaycanın incəsənət baxımından çox maraqlı ölkə olduğunu və respublikamıza səfərlərinin davamlı olacağına ümid etdiyini bildirib.
Sərgidə nümayiş olunan əsərləri haqqında məlumat verən Lorens Cenkell diqqətə çatdırıb ki, konfet heykəllər yeganə sənət nümunəsidir ki, bütün duyğu orqanlarını – görmə, kağız xışıltısını təsəvvür etməklə eşitmə, dad, qoxu - hərəkətə gətirir. Müəllifin fikrincə, şirniyyat özlüyündə ümumbəşəriliyi, fərdi keçmişi və ortaq yaddaşı birləşdirir. Onun bu yanaşması yaradıcılığında müxtəlif ölkələrin bayraqlarının konfet heykəllərinin yaranmasına səbəb olub. Qeyd edibki, hamının istifadə etdiyi konfet özlüyündə müsbət enerji daşıyır. Onları hazırlayarkən sevinirəm və ümid edirəm ki, bu sərgini seyr edənlər də eyni hissləri keçirəcəklər.
Lorens Cenkell fərdi sərgisinin möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilməsindən qürur duyduğunu vurğulayıb.
Qonaq xatırladıb ki, hələ Kannda Azərbaycan incəsənət xadimlərinin əsərləri təqdim edilərkən bu ecazkar ölkənin incəsənətinin çox zəngin və qədim olduğunu anlayıb. Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar. Əvvəlcə “Qız qalası” festivalında yer alan əsərlərə tamaşa edən qonaqlar daha sonra Lorens Cenkellin əsərlərinə baxıblar. Heydər Əliyev Mərkəzinin parkında nümayiş edilən sərgidə müxtəlif ölkələrin bayraqlarının qeyri-adi formada - konfet şəklində heykəlləri təqdim olunur. Müəllifin Bakıda açılmış ilk fərdi sərgisində, ümumilikdə, 27 əsər təqdim edilib. Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunub.
Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görüblər.
Müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunub. Həmin vaxt Lorens Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliyə” üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlamışdı.
Lorens Cenkell 1965-ci ildə anadan olub. Hazırda Fransanın Alp-Maritim bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir. Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla nəticələnib. Pleksiqlasdan istifadə etməklə “bükmə” texnikasına yiyələnmə Lorens Cenkellə hazırda dünyada məşhur olan konfet formasında heykəlləri yaratmağa imkan verib. Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri var. Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Lorens Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib. Sərgi oktyabrın 31-dək davam edəcək.
Mənbə:Anspress.com