Sulutəpə qəsəbə sakinləri aylardır su üzünə həsrət qalıb. ANS TV-nin məlumatına görə, hələ yay gəlməyib, amma nəzərə alsaq ki, istilər yavaş-yavaş yaxınlaşmaqdadır, onda bu məkanda yaşayanları da quraqlıq dövrünün haqlaması istisna deyil. Qəsəbənin adının Sulutəpə olmasına baxmayaraq qəsəbədə yaşayanlar aylardır ki, su üzünə həsrətdilər. Daha dəqiq, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşayan sakinlər 3 ay olar ki, suyun gəlməməsi səbəbindən öz ciblərindən pul verərək su gətizdirmək məcburiyyətində qalıblar. Bu isə az təminatlı ailələrə baha başa gəlir. Sakinlər deyir ki, bu problem tək bu il deyil, hər il yeni vaxtda yaşanır. Nəticədə də bütün yay aylarını susuz keçirməli olurlar. Şikayətçilər deyir ki, məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etsələr də hələ ki, onların şikayətinə baxan olmayıb. Sulutəpə qəsəbə sakini İsa Abbasovun sözlərinə görə, suyumuz gəlmir: “Getdik “Azərsu”ya heç bir xeyri olmadı. Dedilər gələcəyik, amma heç bir tədbir görulmədi. Biz demirik ki, su pulunu ödəmirik, nə qədər etsə ödəyirik”. Məsələ ilə əlaqədar Binəqədi rayonu, Xocahəsən bələdiyyəsinə müraciət etdik. Bələdiyyənin sədri Məhərrəm Əsgərov məsələdən xəbərdar idi. O bildirdi ki, yay ayları olanda, sakinlərin suya tələbatının birə-beş artması səbəbindən su problemi hər il yaşanır. Məhərrəm Əsgərov deyir ki, artıq “Azərsu”ya müraciət etmişik: “Onlar bizə dedilər ki, suyun təzyiqini artırmaq üçün ərazidə işlər aparılmalıdır. Bunun üçün bizə dedilər ki, texnikaya ehtiyac var. Biz dedik ki, texnikanı sizə verə bilərik”. Binəqədi rayonu su idarəsinin rəisi Əhliman Mansurov həmin ərazidə “Azərsu”nun şəbəkəsinin olmadığını bildirdi. Amma yaxın gələcəkdə aparılan pilot layihəsinə əsasən həmin ərazidə şəbəkə yaradılacaq. İndi qalır, sakinlərə bir az da səbr edib gözləmək. Qarşıda yayın gəlməsini nəzərə alsaq, o zaman işlərin tezləşdirilməsinin zəruriliyi də göz qabağındadır.