2014-cü ilin aprel ayında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşmasına səbəb olub. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, portağalın, bananın, qozun, fındığın, şabalıdın, göyərtinin, xiyarın qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, qoyun ətinin, kərə yağının, bitki yağlarının, limonun, almanın, armudun, çuğundurun, kökün, kartofun, kələmin, baş soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtkü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub. Əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşıb, digər ölkələr üzrə hava sərnişindaşıma və ölkədən kənara dəmiryol sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.