Çinin Huawei Technologies telekommunikasiya şirkəti Avropa məkanına sərmayə qoyuluşunu artırmağı planlaşdırır. Şirkət yeni tədqiqat mərkəzləri açmağı və heyətinin sayını genişləndirməyi planlaşdırır. Bu haqda The Wall Street Journal nəşrinə müsahibəsində şirkətin yaradıcısı və direktoru Ren Çjenfey deyib. Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, hazırda Huawei brendi avropalılara o qədər də məlum deyil, amma istehsalçı yaxın illərdə bu vəziyyəti dəyişdirmək niyyətindədir. Şirkətin direktoru bildirib ki, Huawei rəsmiləri daha açıq siyasət yürütməyi planlaşdırır.
Xatırladaq ki, Huawei şirkəti ABŞ-da Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilmişdi. Avropada isə şirkət Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarının pozulmasında ittiham edilib. Belə ki, Huaweinin məhsulların hazırlanması üçün Çin hakimiyyətindən maliyyə köməyi alması bildirilmişdi. Nəticədə Çin şirkəti öz qurğularını ucuz qiymətə satırmış. Ren deyib ki, Huawei şirkətinin gizli imicində qismən özü günahkardır, çünki nadir hallarda mətbuata müsahibə verib və bu şübhə yaradıb.
Mənbə:Milli.Az