Qadin.NET / "Atları dəyişdirin", yaxud ölkə yollarında möhtəşəm yenilik

"Atları dəyişdirin", yaxud ölkə yollarında möhtəşəm yenilik

 

Samir Əliyev: “Elektromobillərin idxalını stimullaşdırmaq üçün dövlət proqramı qəbul olunmalıdır”

Yanacaq istehlakının son illər kəskin artması hökuməti bir sıra sərt addımlar atmağa sövq edib. 
Yanacaq bahalaşdı, avtomobil kreditlərinin şərtləri ağırlaşdırıldı, Aİ-95 markalı yanacağın ölkə daxilində istehsalı dayandırılaraq idxalına başlandı. Eyni zamanda yanacağın idxalına tətbiq edilən vergi və rüsumlar müvəqqəti aradan qaldırıldı, üstəgəl, avtomobil idxalına tətbiq edilən Avro-4 ekoloji norması çox köhnə və ekoloji cəhətdən havanı çirkləndirən avtomobillərin ölkəyə axınını xeyli dərəcədə məhdudlaşdırdı. Ekspertlər bildirirlər ki, bütün bu addımların səbəbi bir tərəfdən, avtomobillərin sürətli artımını yavaşıtmaq, digər tərəfdən yanacaq istehlakını azaltmaqdır.  “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, avtomobillərin sayı artdıqca yanacağa olan tələbat artacaq:  “Statistik təhlil göstərir ki, ölkədə həm avtomobillərin sayı, həm də yanacaq istehlakı hər il orta hesabla 10 faiz artır. 2007-ci ildə benzin istehlakı 785 min ton idisə, 2013-cü ildə 1,3 milyon tona qalxıb. Bu müddətdə istehlakın həcmi 67 faiz artıb. Həmin dövrdə bütün növdən avtomobillərin artımı 61 faiz olub: avtobuslar, yük maşınları qarışıq avtomobillərin sayı 2007-ci ildə 773 mindən 2013-cü ildə 1,246 milyona çatıb. Hətta hökumətin məhdudlaşdırıcı tədbirləri avtomobillərin artımını ciddi əngəlləyə bilməyəcək. İndiki artım tempi ilə yaxın 10 ildə ölkədə müxtəlif təyinatlı avtomobillərin sayı 2 dəfəyədək artacaq və onların sayı 2,5-3 milyon ədəd civarında olacaq. Avtomobillərin sayı artdıqca yanacağa olan tələbat da artacaq. Bu isə öz növbəsində ekologiyanın daha da çirklənməsinə, xüsusən də avtomobillərin daha çox cəmləşdiyi Bakıda ekoloji fəlakət ehtimalını artıracaq. Bir tərəfdən, yaşıllıqların dağıdılması, avtomobil parkının köhnə olması, digər tərəfdən də getdikcə artan tıxaclar havaya buraxılan zərərli maddələrin həcmini artıracaq”.
Ekspertin fikrincə, bunun üçün hökumət ciddi addımlar atmalıdır: “İlk növbədə, avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir. Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır. Həmçinin çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstan müvafiq vergi rejimi tətbiq edir. Qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır”. 
Onun sözlərinə görə, dünyada elektromobillərin istehsalına son illər xüsusilə diqqət artıb. Enerji asılılığını azaltmaq və ekologiyanın çirklənməsinin qarşısını almaq siyasəti hökumətləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa vadar edib. “Bir çox ölkələrdə elektromobillərin istehsalını və alışını stimullaşdırmaq üçün müxtəlif səviyyəli proqramlar qəbul edilib. Bu proqramların əsas 3 məqsədi var: ölkənin enerji müstəqilliyini artırmaq, atmosferə CO2 tullantısının buraxılmasından yaranan istixana effektini azaltmaq və yeni növ nəqliyyatla işləyən müəssisələrin rəqabət qabiliyyətini artırmaq. Latviyada ötən il 3 illik proqram qəbul edilib və onun icrası üçün 30 milyon avro ayrılıb. Estoniya, Rusiya, Ukraynada da oxşar proqramlar həyata keçirilir. Məsələn, Estoniyada 2014-cü ilin əvvəlinə dövlətin köməkliyi ilə 750-yə qədər elektromobil əldə edilib”, - deyə S.Əliyev vurğulayır. 
S.Əliyevin sözlərinə görə, elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. Bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəştidir: “Britaniya, Fransa, İspaniyada və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibləri nəqliyyat vergisindən azaddır və alışda xüsusi güzəştlərə malikdirlər. Hətta Norveç kimi neft istehsal edən ölkə də elektromobil idxalına diqqət yetirir.
Elektromobillərin satışının ən effektiv sxemi məhz bu ölkədədir. Skandinav ölkəsində dövlət subsidiyası almaq, pulsuz parklanma, enerjidoldurma məntəqələrinin bir sıra vergi və rüsumdan azad olması, ictimai nəqliyyat zolağından istifadə hüququ kimi üstünlüklər mövcuddur. Adambaşına düşən elektromobillərin sayına görə Norveç dünya lideridir. Hökumətin qiymətləndirmələrinə görə, ölkədə belə nəqliyyat vasitələrinin sayı 15 minə çatıb. Rusiyada elektromobil üzrə idxal rüsumları 0 dərəcəyə endirilib. 
ABŞ elektromobillərin sayına görə dünya lideridir. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək ölkədə elektromobillərin sayının 1 milyon ədədə çatdırılması planlaşdırılır. Hazırda onların sayı 200 min ədəddir. Yaponiya 2020-ci ilə kimi elektromobillərin payını 20 faizə çatdırmağı planlaşdırır”. 
Onun sözlərinə görə, ümumilikdə götürdükdə, 2025-ci ilə kimi avtomobil parkının ABŞ-da 6-10 faizinin, Qərbi Avropada 6-10 faizinin, Yaponiyada 25, Çində 11-15, Hindistanda 6-10, Braziliyada 6-10, Rusiyada 1-5 faizinin yeni nəqliyyat vasitəsi ilə əvəzlənməsi nəzərdə tutulub. Elektromobillərin satışının stimullaşdırılmasının şərtlərindən biri də “yanacaqdoldurma” məntəqələrinin olmasıdır. ABŞ-da 21000, Britaniya və Almaniyada 3000, Fransada 2000, Yaponiyada 5000, Niderlandda 4000, Rusiyada 50-yə yaxın (ilin 1-ci yarısında daha 150-si açılacaq), Estoniyada 163 enerjidoldurma stansiyaları fəaliyyət göstərir. 
S.Əliyev qeyd edir ki, elektromobillərin üstünlükləri çoxdur: 100 km məsafəyə enerji sərfiyyatı 1-2 avro təşkil edir. Ekologiyanı çirkləndirmir, səssiz işləyir və sair: “Təbii ki, çatışmazlıqları da mövcuddur. Ancaq yeni mexanizm getdikcə təkmilləşdirilir və çatışmazlıqlar aradan qaldırılır. Azərbaycan hökuməti elektromobil idxalını stimullaşdırmaq üçün xüsusi dövlət proqramı qəbul etməlidir. Proqram ölkəyə elektromobil gətirilməsini stimullaşdırmaqla yanaşı, enerjidoldurma stansiyaları infrastrukturunun yaradılmasını nəzərdə tutmalıdır. Xüsusilə də paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə belə proqramın qəbulu çox zəruridir. Bu, həm də vətəndaşlarımızın sağlamlığı üçün vacibdir. Ölkənin maliyyə potensialı bu ideyanı reallaşdırmağa imkan verir”.

Mənbə:Milli.Az

 

6 may 2014
GO BACK