Qadin.NET / "Nə var ə, belə yaşamağa?"

"Nə var ə, belə yaşamağa?"

 

Bir-iki gün bundan əvvəl Azərbaycanın hansısa rayonunda qəribə yol hadisəsi baş vermişdi. Maşın yoldan keçən inəyi vurmuşdu, inək də uçub dəymişdi yolun kənarı ilə gedən kənd sakininə. Adam xəstəxanalıq olmuşdu. Ta inəyin taleyindən xəbərim olmadı, ümid edək ki, murdar olmamış başı bıçağa çatıb. Əgər elə olmayıbsa da, fikir eləməyə dəyməz. Nə çoxdur, üstünə “Halal dönər” yazılmış dönərxanalar.
 
Xəbəri yayan sayt bu hadisəni “maraqlı yol hadisəsi” deyə təqdim etmişdi. Amma hadisənin sonluğunu düşünəndə onlara haqq qazandırmaq olardı. Sonluq hamı üçün yaxşı qurtarmışdı. Lap hind filmlərindəki kimi. Kənd sakini dediyim kimi, xəstəxanalıq olmuşdu, inşallah ki, tezliklə sağalacaq. İnəyin sahibinin də o qədər böyük ziyana düşməyəcəyini artıq anlatdım. Ən xoşbəxt sonluq isə qəzanı törədən sürücüyə üz vermişdi. Hərif qaçıb aradan çıxmışdı. Mən xəbəri oxuyanda hələ tapılmamışdı.
 
Əsas odur ki, ortada ölüm-itim yoxdur, rahat nəfəs ala bilərik. Belə hadisələr adətən çox ağır nəticələr verir. Məsələn, ötən il bir avtomobil eşşək arabasını vurmuşdu, hadisə nəticəsində iki nəfər dünyasını dəyişmişdi. Düzdür, onda da mənalı saytlardan biri bu xəbərə maraqlı başlıq qoyub camaatın dodağını qaçırda bilmişdi. Yazmışdılar ki, eşşək arabası qəzaya düşdü. Amma bəlkə də, düz eləmişdilər. Bir adam ki, o boyda arabanı görməyə və ya elə sürətlə sürə ki, arabanın üstündəki iki nəfəri o dünyalıq edə, elə onun sürdüyü maşına “eşşəyin arabası” demək lazımdır.
 
Belə hadisələrin hamısı elə... məsuliyyətsizlikdən doğur. Bizdə ictimai və fərdi məsuliyyətin olmamasından irəli gəlir. Soruşacaqsınız ki, nədir axı bu ictimai məsuliyyət? İctimai məsuliyyət odur ki, məsələn, yolun ortasına bir daş düşüb. Faktiki olaraq o daşın sənə heç bir ziyanı ola bilməz. Amma kiminsə ayağına ilişə bilər və ya hansısa maşının təkərinin altından çıxıb, kiməsə xətər törədə bilər. O daşı götürüb kənara tullayan adam ictimai məsuliyyəti olan, tərbiyəli bir adamdır. Fərdi məsuliyyət isə sənin özünə aid olan məsələlərdə məsuliyyətli olmaqdır. Yəni özünə dəyə biləcək ziyana görə narahat olub, hərəkət etməkdir.
 
Bizdə birincisi yoxdur, bunu hardasa başa düşmək olar. Amma ikincinin olmaması beş-altı məsuliyyətli, tərbiyəli adamı da dəli edib, salıb çöllərə. Sözümü onun üstünə gətirirəm ki, maşını yüksək sürətlə sürən adamda nə fərdi, nə ictimai məsuliyyət yoxdur. Konkret desək, o adam “qalınqabıq” adamdır.
 
Yəqin hiss edirsiniz ki, mən o məlun heyvanın adını çəkməyə qorxduğum üçün müxtəlif ifadələrdən, fəndlərdən istifadə edirəm. Nədən ki, uca xalqımın o heyvanın adına çox pis reaksiyası var.
 
...Niyə uzağa gedək ki, elə Şamaxıda, Gəncədə eşşəyə qoyulan heykəllərin taleyi yadınızda deyil? Birini KamAZ-la vurub dağıtdılar, birinin isə qulaqlarını kəsdilər. Yadımdadır ki, xalqımız o heykəllərin qoyulmasına qəti surətdə etiraz etmişdi. Şəhər rəhbərliyi nə qədər and-aman eləsə də ki, bu eşşək heykəli döyül, adam heykəlidir, daha doğrusu araba ilə ot aparan adamın heykəlidir, xalq sakitləşməmişdi. Nəhayət, xalqın bir igid oğlu bu problemi kökündən həll etmişdi.
 
Xalqımın da igid, yeyib-içən, deyib-gülən oğulları çoxdur. Gərək belə məsələlərdə onların istəklərinə uyğun hərəkət eləyəsən ki, başın ağrımasın. Onsuz da, belə kədərli hadisələr xalqın bir-iki pessimist ruhlu nümayəndəsindən başqa heç kimin kefini pozmağa qadir deyil. Ona görə də canıyananlıq edib, camaatın əhval-ruhiyyəsini aşağı salmaqdansa, qoy elə bir-iki “maraqlı” hadisəni də mən nağıl eliyim.
 
...Olmuş əhvalatdır. Bir gün iki cavan oğlan rayon toyunda yaxşıca yeyib-içəndən sonra otururlar maşına, sürürlər Bakıya. Elə Allah umuduna sürüb gəldikləri yerdə qabaqlarına bir mərdimazar motosiklet çıxır. Təbii ki, bunlar da o motosikleti vurub, salırlar yolun kənarındakı otluğa. İnsafən yaxşı oğlan imişlər. Maşından düşüb, qaçırlar motosikletçinin hayına. Çatanda görürlər ki, kişinin başı 180 dərəcə fırlanıb geri. Biri o birindən bir az ağıllı imiş. Deyib, ə, gəl isti-isti kişinin başını çevirək yerinə qoyaq. Elə bunlar əlləşdikləri yerdə motosiklet sürən gözünü açır. Deyir, ay bala, məni vurmusunuz, vurmusunuz, ta boynumu niyə sındırırsınız?.. Demiyəsən, kişi sinəsinə soyuq vurmasın deyə pencəyini dal-qabaq geyinibmiş...
Gördüyünüz kimi, çox gülməli hadisədir. Hərçənd hadisə başqa cür də qurtara bilərmiş. Amma biz gərək pis şeylər barədə qətiyyən düşünməyək. Canımıza yaxşı baxaq.
...Birini də danışım, kefiniz lap açılsın. Deməli, bu Habil Əliyev yoxdumu, kamança çalan? Yaman demaqoq kişidir axı o? Elə bil xalqın dərdi-səri buna qalıb. Bir dəfə qastrolda olanda qonşu otaqda qalan başqa bir sənət ustası tez-tez bunların otağına gəlirmiş. Oturub, ordan-burdan söhbət edəndən sonra, durub gedəndə qapını açıq qoyurmuş. Hər dəfə Habil müəllim qonşusundan xahiş edirmiş ki, filankəs, çıxanda qapını ört. Xeyir eləmirmiş. Axırda Habil müəllim kişini lap “anda verir” ki, başına dönüm, filankəs, gedəndə qapını bağla, nolar. O da deyir, problem yoxdur. Heç beş dəqiqə keçmir ki, durub gedir, qapını da açıq qoyur. Habil Əliyev dönüb mat-mat otaq yoldaşının üzünə baxır, deyir: “Nə var ə, belə yaşamağa?..”
...Hə, kefiniz açıldımı? Əsas odur, qalanı boş şeydir. Əgər belə şeylərdən tez-tez əsəbləşib-eləyirsinizsə, Salam Qədirzadənin məşhur novellasının qəhrəmanı kimi edin. “Sən lazımlı adamsan, Fərzəli” deyimini yadınıza salın. Gerisi nolar-olar...
 
Qızılgül Abdinova
Mənbə:Milli.Az

 

6 may 2014
GO BACK